GündəmManşetSiyasət

Ehtiyac içində olan ölkədən ehtiyac duyulan ölkəyə

2018-ci il bitdi, yeni ilə də çox intensiv başladıq. Siyasi gündəm qazan kimi qaynayır. İstər ölkə içində, istərsə də xaricdə Azərbaycanla bağlı müzakirələr aparılır, müxtəlif səviyyələrdə ölkəmizin adı hallandırılır. Bundan başqa, xarici dövlətlərin yüksək rütbəli təmsilçiləri də Azərbaycana gəlir, ölkəmizlə münasibətləri müzakirə edir. Bu isə ondan xəbər verir ki, Azərbaycana maraq daha da artıb, dünyanın hər tərəfindən gözlər bizə dikilib, hər kəs bizimlə yaxın olmaq, masa arxasına oturmaq istəyir.

Yaxşı göstəricidir bu. Azərbaycan, artıq bir zamanların ehtiyac içində olan ölkəsindən ehtiyac duyulan ölkəyə çevrilib. Bizim hər birimiz müstəqilliyin ilk illərində, özəlliklə də iç qarışıqlıq dönəmində ələbaxan, hər yerdən yardıma ehtiyac duyan bir toplum olduğumuzu xatırlayırıq. İndi isə bunun tam əksidir. Azərbaycana nəinki qonşu dövlətlər, uzaq Avropa, ABŞ və bəzən hətta Şərqi Asiya, Afrika ölkələri belə ehtiyac duyur, bizimlə bərabərhüquqlu münasibətlərə can atır.

Belə bir duruma gəlməyimiz nədən qaynaqlanır və ümumiyyətlə bu əlverişli durum Ermənistan-Azərbaycan münaqişəsinin həllində bizə nə verə bilər? Bu suallara cavab vermək istərdik.

Azərbaycanın ehtiyac içində olan ölkədən ehtiyac duyulan ölkəyə çevrilməsi heç şübhəsiz ki, təməlləri ulu öndər Heydər Əliyev tərəfindən atılmış, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməkdə olan uzaqgörən strategiyaya söykənir. Bu strategiya elə dəqiqliklə işlənib hazırlanmışdı ki, gərək duyulduğunda onun zamana uyğunlaşdırılması-yenilənməsi və sürətlə həyata keçirilməsi istənilən ölkənin uğurunun açarıdır. İlham Əliyevin usta idarəetməçi olması, uzaqgörən siyasəti vaxtında və dərindən mənimsəməsi, eyni zamanda başçılıq etdiyi ölkənin ləyaqətini və yalnız öz xalqının iradəsini hər şeydən uca tutması bugünkü əlverişli duruma gəlməyimizin əsas şərtlərinin önündə gedir.

Azərbaycan, Prezident İlham Əliyevin qətiyyət və uzaqgörənliyi hesabına bugün sayılıb-seçilən, iradəsilə hesablaşılan dövlətə çevrilib. Bizim dövlətimiz dünyanın ən böyük güclərilə belə bərabərhüquqlu tərəf kimi masa arxasında oturanda sıxıntı hiss etmir, özünü ikinci kateqoriyada görmür. İstər ABŞ, istərsə də Rusiya kimi qlobal güclərin təmsilçiləri Prezident İlham Əliyevlə masa arxasında, ayaqüstü görüşlərində mütləq yüksək sayğı göstərir, onunla qısa müddətli də olsa kəlmə kəsməyə can atır.

Avropa Birliyinin rəsmiləri, eləcə də Avropanın ən aparıcı dövlətləri olan Almaniya, Fransa, Böyük Britaniya təmsilçiləri Azərbaycanla, onun liderilə işbirliyinə hər zaman önəm verir, ölkəmizi özlərinin əvəzolunmaz tərəfdaşı kimi görür.

Bütün bunlarsa, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın hər şeydən öncə özünə və sözünə hörmət edən dövlət olmasından, həmçinin ölkə başçısı İlham Əliyevin şəxsi xarizmasından qaynaqlanır.

Dövlətimiz, dünyanın bu qarışıq vaxtında belə qarşıduran, münaqişədə olan tərəflərin hər biri ilə münasibətlərinin yüksək səviyyəsini qoruyub saxlamağı bacarmaqdadır. ABŞ və Avropa Birliyinin davamlı üstünə gəldiyi, sanksiyalar tətbiq etdiyi qonşu Rusiya ilə münasibətlərimiz bütün bu proseslərdə zərrə qədər də zədə görməyib. Yaxud da Qərbin uzun illərdir küncə sıxdığı Güney qonşumuz İranla münasibətlər də ən yaxşı səviyyədədir. Eləcə də qardaş Türkiyə ilə münasibətlərimizə heç bir qüvvə sərinlik gətirə bilmir və Heydər Əliyevin “Bir millət, iki dövlət” uzaqgörənliyi tam gücüylə ayaqda durmağa davam edir.

Azərbaycan, Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bir çox uzunmüddətli demokratiya və müstəqillik təcrübəsi olan dövlətlərin başçılarının bəzən bacarmadığı balanslı siyasətilə dünyada bir modelə çevrilib artıq. Dünyanın hər tərəfində siyasi texnoloqlar, ayrı-ayrı fikir mərkəzləri dövlətimizin bu yöndə əldə etdiyi uğurları diqqətlə öyrənir, təhlil edir. Doğrudan da ABŞ və Avropa Birliyinin timsalında Qərblə uzunmüddətli qarşıdurma şəraitində olan Rusiya, İran və qardaş Türkiyə ilə münasibətlərin yüksək səviyyəsini qoruyaraq birincilərlə də eyni səviyyədə işbirliyini ayaqda tutmağı bacarmaq çox fərqli dövlətçilik-liderlik təcrübəsi tələb edir. Bu gün Azərbaycan ABŞ-la Avropa Birliyinin Rusiya, İran və Türkiyə ilə gərgin münasibətlərində tərəf tutmur, sonuncularla münasibətlərini birincilərin münasibətilə şərtləndirmədən öz müstəqil siyasətini yürütməyi bacarır. Düzdür, ABŞ və Avropa Birliyi istərdi ki, Azərbaycan qonşu Gürcüstan və Ukrayna kimi məhz onların sırasında yer alsın. Yaxud da Rusiya istərdi ki, Azərbaycan da son vaxtlara kimi onun könüllü vassallığını etmiş Ermənistan kimi olsun. Lakin Prezident İlham Əliyevin düzgün taktikası bizə münasibətdə bütün tərəfləri zərərsizləşdirmiş, rəqibdən dosta çevirməyi şərtləndirmişdir.

Söz Ermənistandan düşmüşkən, Azərbaycanın yürütdüyü balanslı və bərabərhüquqlu siyasət, eləcə də işğalçı dövlətlə bağlı apardığı ifşaedici siyasət də öz bəhrəsini vermişdir. Prezident İlham Əliyevin illərdir Ermənistanı idarə edənlərin kriminal ünsürlər olması haqqında səsləndirdiyi fikirlər yola saldığımız 2018-ci ildə məhz həmin ölkəyə hazırda başçılıq edən siyasi qüvvə tərəfindən rəsmən dilə gətirildi, təsdiqini tapdı. Bu isə ona səbəb oldu ki, Azərbaycanın haqlı mövqeyinə az-çox şübhə edənlər də bizə sayğılı yanaşmağa məcbur oldu. Elə o səbəbdən də Avropa Birliyi ötən ilin dekabrında qəbul etdiyi hesabatda Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe sərgiləməli oldu.

Azərbaycanın düzgün taktikası Ermənistanı təkcə bu məsələdə deyil, üzvü olduğu bir sıra beynəlxalq qurumlarda da əlverişsiz duruma düşürdü. Hətta o səviyyədə ki, Azərbaycan üzv olmadığı təşkilatların tam hüquqlu üzvü olan Ermənistanı o qurumlarda küncə sıxa bildi.

Rusiyanın önünü çəkdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın başına gələnlər o örnəklərdən biridir. Yaxud da Avrasiya İqtisadi Birliyində Ermənistanın arxa plana itələnməsi daha bir örnəkdir. Azərbaycan o qurumlardan heç birinin üzvü deyil. Lakin hər iki qurumda Ermənistanın deyil, bizim sözümüz keçir. Yenə də Prezident İlham Əliyevin şəxsi münasibətləri, ciddiyyəti, ləyaqətli dövlət başçısı olması hesabına.

Bütün bular onu deməyə əsas verir ki, ölkəmiz 2019-cu ildə Ermənistanla münaqişənin həllində daha üstün mövqeyə yüksəlib. Dünyanın, özəlliklə də Azərbaycanla yeni işbirliyinə can atan beynəlxalq güclərin mövqeyi bizim xeyrimizə dəyişib. Yuxarıda da qeyd etdiyimiz kimi, ehtiyac içində olan ölkədən ehtiyac duyulan ölkəyə çevrilməyimiz bizə münasibəti və baxışları da kökündən dəyişib. Bu isə istənilən məsələnin həllində xeyrimizə olan çox ciddi faktordur. İndi Azərbaycan Rusiyanın, İranın heç cür və heç nəyin hesabına vaz keçmək istəmədiyi bir dövlət olmaqla bərabər Avropanın, ABŞ-ın daha sıx münasibətlər qurmağa, öz yanında görməyə can atdığı dövlətdir. Belə bir statusu qazanmaq çətin olsa da Prezident İlham Əliyev özünün uzaqgörən və məqsədyönlü siyasəti ilə bunu bacarmış, tarixə damğasını vurmuşdur. Biz bura hələ onun Azərbaycanın yaxın coğrafiyadakı qanlı münaqişələrdən kənar tutulmasını, eyni zamanda ölkə içində dayanıqlı sabitliyi daha da möhkəmləndirməsini də əlavə edə bilərik. Bir sözlə, Azərbaycanın lideri istər iç, istərsə də dış siyasətdə 2018-ci ili böyük uğurlarla başa vurmağı bacarmış, 2019-cu ili də çox hərəkətli və vədedici bir şəkildə başlamağa nail olmuşdur.

 

Azər Həsrət, əməkdar jurnalist