Siyasət

Elçin Əhmədov: Prezident İlham Əliyev Ermənistanın cinayətkar rejimini və ona dəstək verənləri faktlarla ifşa etdi

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirərək bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirib. Azərbaycan Prezidenti xarici səfərlərində, eləcə də Bakıda keçirdiyi görüşlərində Ermənistanın təcavüzkar siyasətini daim önə çəkərək ərazilərimizin işğalı ilə heç zaman barışmayacağımızı, əgər danışıqlar nəticə verməsə, torpaqlarımızı hərbi yolla azad edəcəyimizi vurğulayıb. Bununla yanaşı, dövlət başçısı münaqişənin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirib, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edərkən deyib.
E.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirdi. Xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirən Prezident İlham Əliyev Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ətraflı danışan dövlət başçısı bu məsələdə ölkəmizin mövqeyinin dəyişməz qaldığını vurğulayaraq dedi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.
Prezident İlham Əliyev danışıqların davam etdirilməsi prosesinin başlandığını bildirərək qeyd etdi ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi və hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Azərbaycanın dərhal belə cəhdləri rədd etdiyini vurğulayan dövlət başçısı bildirdi ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və onlar öz fikirlərini bildirib, nəticə etibarilə danışıqlar prosesi bərpa edilib. Prezident İlham Əliyev xarici işlər nazirlərinin artıq bir neçə dəfə görüşdüyünü bildirərək vurğuladı ki, danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır və danışıqlar prosesi üçün yalnız bu format məqbuldur.
2018-ci ildə Ermənistanda böyük dəyişikliklərin baş verdiyini, iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqut etdiyini bildirən dövlət başçısı bunun da təbii olduğunu və eləcə də bunu kriminal rejimin məntiqi acı sonu kimi qiymətləndirdi. Prezident İlham Əliyev bu məsələdə Ermənistanın işğalçılıq siyasətinin də mühüm rol oynadığını diqqətə çatdıraraq bildirdi ki, məhz bu siyasətə görə Ermənistan Azərbaycan tərəfindən bütün regional layihələrdən təcrid edilib: “Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”.
Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejiminin hökm sürdüyünü, ancaq bəzi beynəlxalq təşkilatların buna göz yumduğunu bildirən dövlət başçısı son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy verildiyini təəssüflə diqqətə çatdırdı: “Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi”.
Bu məsələnin müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalı olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar: “Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var”.
Dövlət başçısı bir daha diqqətə çatdırdı ki, müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil. Ermənistanın bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yolun olduğunu bildirən dövlət başçısı bəyan etdi ki, Azərbaycan ilə münasibətləri normallaşdırmaq üçün bir şərt var – Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır.
Eyni zamanda, Prezident İlham Əliyev keçən il hərbi potensialımıza böyük diqqət göstərdiyimizi və bu sahədə böyük nailiyyətlər əldə etdiyimizi bildirərək qeyd etdi ki, bizim ordumuzun döyüş qabiliyyəti artıb, uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib və bu əməliyyat nəticəsində 11 min hektar torpağa ordumuz nəzarət edir: “Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə – Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir”.
Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eyni zamanda, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.