DinDünya

Gürcüstanda kilsə Ukraynaya görə hökumətlə üz-üzə gəldi

Gürcüstan Pravoslav Kilsəsinin Poti və Xobs yeparxiyasının mitropoliti, Müqəddəs Sinodun üzvü Qriqol hakimiyyəti Ukraynanı avtokefaliya ilə əlaqədar təbrik etmədiyinə görə tənqid edib.

24News.ge xəbər verir ki, Qriqolun çıxışı Poti və Xobs yeparxiyasının Feysbuk səhifəsində yerləşdirilib. O, hökumətin Ukraynanı avtokefaliya ilə əlaqədar təbrik etməməsindən təəssüf etdiklərini bildirib:

“Ukrayna kilsəsinin avtokefaliyası keçmişlə gələcək arasında suayrıcıdır. Əgər qorxu bizi kor etsə və biz yanlış yolda dayansaq, sözsüz ki, müstəqil dünyadan ayrılacağıq, nəsillərin arzuladığı müstəqillik və azadlıq arzularını unudacağıq”.

Qeyd edək ki, Gürcüstan kilsəsi Ukrayna kilsəsinin müstəqilliyi ilə bağlı mövqeyini Müqəddəs Sinodun növbəti iclasında açıqlayacağını deyib. Gürcüstan hakimiyyəti bu məsələdə Gürcüstan Pravoslav Kilsəsinin rəsmi mövqeyini gözlədiklərini bildirib