GündəmManşetSiyasət

“Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutur”

“2018- ci il Azərbaycan üçün uğurlu  olmuş, ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf etmişdir. Respublikamız  güclü ölkə kimi artıq  dünya miqyasında özünü təsdiqləyib,  beynəlxalq  mövqelərimiz daha da möhkəmlənib”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  humanitar və sosial məsələlər üzrə prorektoru, hüquq üzrə elmlər doktoru Mehdi Abdullayev bildirdi.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikinə münasibət bildirən M.Abdullayev qeyd etdi ki,  respublikamızın qazandığı bütün uğurlar dünyada gərginliyin, risklərin, təhdidlərin artdığı bir zamanda əldə olunub. Onun deməsinə görə, hər zaman və hər hansı bir vaxt kəsiyi o zaman tarixə çevrilir ki, orada məna, keyfiyyət və ya dinamika mövcud olsun. Bu baxımdan yola saldığımız 2018- ci il dövlətimizin başçısının apardığı uğurlu siyasət  və onun real nəticələri baxımından tarixə çevrilib. Artıq arxada qalan ili uğur və inkişaf ili kimi qiymətləndirməliyik”.

Prorektor qeyd etdi ki, bütün  bunlar barəsində möhtərəm Prezidentimizin Azərbaycan xalqına təbrikində daha ətraflı bəhs olunur. Diplomatik sahədə görülən işlərdən söhbət açan M.Abdullayev dedi ki,  ötən il Avropa İttifaqı ilə əlaqəlar daha da möhkəmləndirilib: “ Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədi münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. 2018- ci il iyulun 11-də  Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə keçirilən mərasimdə  imzalanan sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bu da dünyanın Avropa kimi böyük məkanının  ölkəmizin ərazi bütövlüyünü  müdafiə etdiyinin mövqeyinin bir daha əyani sübutudur. Bütün bunlar  Avropa İttifaqının Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində düzgün mövqedə olmasından xəbər verir”.

Dövlət başçısının təbrikində  Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin də  öz əksini tapdığını  vurğulayan M.Abdullayev  dedi ki, bu,  tarixi nailiyyətdir. Uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Nəhayət, bu  mürəkkəb məsələ ötən il  öz həllini tapdı. Möhtərəm Prezidentimiz bu məsələnin həllinə öz dəyərli töhfəsini verdi.

Ermənistan  –  Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə  münasibət bildirən M.Abdullayev ötən il  bu sahədə  ciddi mövqelərə malik olduğumuzu diqqətə çatdırdı:  “Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq, ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Bütün bu dediklərimiz bir daha təsdiqləyir ki, cənab Prezident  verdiyi vədlərə həmişə sadiqdir.  Dövlət başçımızın özünün qeyd etdiyi kimi, onun bircə amalı var: “Güclü Azərbaycan dövləti qurmaq və öz xalqına ləyaqətlə xidmət etmək”/“Xalq qəzeti”.