Xüsusi hərəkət zolaqları yaradılır
Azərbaycanda iri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq.
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
Qeyd olunur ki, Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətləri artırılacaq, avtobus dayanacaq məntəqələri ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdiriləcək, avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.
Bundan başqa, avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.