AzMİU-da “Yeni media:problemlər və perspektivlər” layihəsinin müzakirəsi keçirildi – FOTOLAR
24 dekabr 2018-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) akt zalında Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə qalibi Qurban Qəhrəmanovun “Yeni media:problemlər və perspektivlər” adlı layihəsinin ilk müzakirəsi keçirilib.
Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrinin müavini Şahmar Rəfili gəncləri salamlayaraq onlara layihə haqqında məlumat verib.Əlavə edib ki, təmsil etdiyi universitet daimə gənclərlə bağlı təşəbbüsləri dəstəkləyir, onlara qayğı göstərir.
Layihə ilə bağlı ekspert qismində çıxış edən www.Aktor.az saytının təsisçisi Telman Məmmədov öncə Azərbaycan dövlətinin gənclərə qayğısından, ölkə başçısı İlham Əliyevin bu yaş kateqoriyasından olan şəxslərə geniş imkanlar yaradılmasına göstəriş verməsindən danışıb. Natiq Azərbaycan Respublikası Gənclər Fondunun çevik fəaliyyətini buna nümunə göstərib. Sonra o, müzakirə olunan mövzunun vacibliyindən, bu yöndə gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib. Ekspert bildirib ki, müasir dünyada baş verən siyasi proseslər, xüsusən də regionda cərəyan edən hadisələr internet media və sosial şəbəkələrdən duzgün və səmərəli istifadəni, həmçinin çeşidli şəkildə fəaliyyəti labüd edir.
T.Məmmədov əlavə edib ki, bu gün dünya mediası ilə bağlı bir nömrəli müzakirə mövzusu internet medianın tənzimlənməsi ilə bağlı görüşlərdir.Bu növ medianın fəaliyyətinə hansı mexanizmlərin tətbiq edilməsi olduqca aktual hesab edilir. Azərbaycan bu sahədə yenidir. Yeni media resursları əslində yayımlanmasına və tirajlanmasına görə medianın xüsusiyyətlərini daşıyır.Bu, Azərbaycan qanunvericiliyində – “KİV haqqında” qanunda, Azərbaycan Konstitusiyasının 47-ci, 50-ci maddələrində və sair sənədlərdə öz əksini tapıb. Ekspert bu yöndə gənclərə uğurlar arzulayıb.
Çıxış edən layihə rəhbəri Qurban Qəhrəmanov həmkarlarını salamlayaraq, onun təşəbbüsünü dəstəklədiyinə görə, Azərbaycan Respublikası Gənclər Fonduna təşəkkür edib və zaldakı tələbələri də fəallığa səsləyib.
Növbə ilə çıxış etmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri Rahat Qəribov və Zəminə Əsgərova da mövzu ilə bağlı gənclərə müraciət edərək virtual aləmdə Azərbaycanın milli maraqlarının qorunmasının vacibliyini dilə gətiriblər.
Təlimin gedişatında tələbələrin sualları cavablandırılıb, iştirakçılara sertifikat, buklet və əyani vasaitlər təqdim edilib.
Xatırladaq ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.