Azərbaycan məqsədlərə doğru inamla irəliləyir – Prezident
Dünyada gedən mürəkkəb geosiyasi proseslərə baxmayaraq, Azərbaycan qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir.
Aktor.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində bildirib.
Dövlət başçısı qeyd edib ki, dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir:
“Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha əyani surətdə sübut edir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, 10 ən islahatçı dövlət siyahısına daxil edilmişdir. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olunmuşdur”.
İlham Əliyev vurğulayıb ki, 2018-ci ildə Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi”nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə bütün işlərin başa çatdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Cari ildə həm də növbəti telekommunikasiya peyki “Azerspace-2”nin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür”.