Marketinq ustadı Filip Kouterin həyatında şahid olduğu ən gözəl təqdimat “Martin Agensy”-nin “Mercedes işinə” başlaması üçün etdiyi çıxış olub. 90-cı illərdə Lexus “Lüksün yeni tərifi” şüarı ilə bazarı işğal edir, “Mercedes”-in quyusunu elə o templə qazırdı. 1991-ci il Lexus üçün yeni eranın başlanğıcı idisə, “Mercedes”də bu, əksinə idi. Son illərdə müştərilərinə yeni heç nə verməmişdi. “Lüksün yeni tərifi”nin qarşısında darıxdırıcı, yorucu, dəbdən düşmüş “qoca” var idi. Almanlar narahat və kədərli idilər. Bu səbəbdən onların yeni imicini yaradacaq, PR-nı quracaq, dizayn verəcək şirkətə ehtiyacları var idi. Axtarış davam edir, bu məqsədlə böyük qonorarı olan müsabiqə elan olunmuşdu.
Təqdimat günü. Agentliyin rəhbəri Martin Sloves bütün məsuliyyəti öz üzərinə götürərək təqdimatı başdan-ayağa özünün aparacağını bildirir. “Hugo Boss” kostyumlu və odekalonlu almanlar olduqca ciddi görkəm və əhvalda münsif kimi prosesi izləyirdilər. Əslində, onlar münsifdən çox, xilasedicisini axtaran batmaqda olan gəmi kapitanları idilər.
Martin ayağa qalxaraq almanlarla üzbəüz 3-4 metrlik məsafəyə qədər gəlib dayandı. Nə təqdimat pultu, nə kağız, nə də musiqiyə ehtiyac gördü. Bədahətən başladı:
– 100 il öncə bir kloun var idi. Valentin adında alman bir kloun. (Münsiflərdə tərpəniş hiss olunur- müəl.). Onun növbəti göstərisi səhnənin bir tərəfi işıqlanmış mənzərə ilə başlayır. Zal ağzınacan tamaşaçı ilə dolu idi və səssizlikdən qulaq tutulurdu. O, projektorla işıqlanmış kiçik dairədə nəsə axtarır.
Bu zaman səhnəyə bir polis çıxır və Valentinə yaxınlaşaraq nə etdiyini soruşur: “Açarlarımı itirmişəm” – kədərlə kloun deyir. Polis məmuru kömək üçün icazə istəyir və binəva klouna qoşulur. Bu mənasız axtarışın bir nəticə vermədiyini görən polis dizlərini çırparaq ayağa qalxır və Valentindən soruşur: “Açarlarını burada itirdiyinə əminsənmi? Valentin başını aşağı salaraq “xeyr” deyir və əli ilə qaranlığı göstərərək əlavə edir: “Orada itirmişəm”. Polis bərk əsəbləşir və soruşur: “Elə isə niyə açarlarını burada axtarırsan?” Valentin cavab verir: Axı işıq buradadır”.
Daha sonra Martins Sloves üzünü “Mercedes” şirkətinin əməkdaşlarına tutaraq deyir: “Bu günlər sizin üçün çətin günlərdir. Yolunuzu itirmiş kimi görünürsünüz. Əslində, müvəqqəti olaraq, keçici bir müddətə açarlarınızı itirmisiniz və onları səhv yerdə axtarırsınız. Yaxın zamanlarda açarınızı tapmaqda sizə yardımçı olacağıq.” Deyir və susur. Almanlar ayağa qalxaraq alqışlayırlar. Layihə qalib gəlmişdi.
Təbii ki, indi həmin təqdimatın kütləyə təsir texnikalarından, detallardan danışmayacağıq. Bu hadisə, mənə təklif olunan motivasiya, fərdi inkişaf, PR-ın təşkili, kommunikasiya qurma bacarıqları və digər mövzularda yazı yazmaq təklifi alanda yadıma düşdü. Heç də düşünmürəm ki, kimsə açar itirib. Amma “həqiqət haradadır” sualına cavab axtarışında birgə səfərə çıxmağa məmnuniyyətlə razı oldum. Həm də qəzetin baş redaktoru ilə illərdir mətbuat üzərindən söhbətləşmişik. Mən yazmışam, o pozub, redaktə edib, düzüb-qoşub, təqdim edib. Bir sözlə, bir-birimizi yaxşı tanıyırıq.
Hə, yeri gəlmişkən, bir hadisəni də danışım, startı atəşfəşanlıqla bitirək. Demək, Böyük Britaniyada tanınmış bir motivator-oratoru təlimə dəvət edirlər. 30 dəqiqə ərzində kütlə qarşısında çıxış edib, qonorarını alıb, sağollaşıb gedəcəkmiş. Özündən bir az razı olan, apardığı seminar və təlimlərin başgicəlləndirən təsirindən hazırlaşmağı kənara tullayır. Nəyinə lazımdır, axı hər şeyi bilir. Halbuki uşaq bağçasında seminara gedirsənsə belə, hazırlaşmalısan. Heç olmasa uşaq şeiri əzbərləməlisən.
Ümumiyyətlə, kütlə qarşısında çıxış edənlər mahiyyətcə üç cür olur. Birincisi, kütləni özündən aşağı görənlər (“aha, indi bu dovşanları yaxşıca barmağıma dolayacam” düşüncəsində olanlar). Bilmirəm, ilahi ədalətdir, ya bu peşənin yazılmamış müqəddəs qanunlarıdır, bu fikirdə olanlar adətən tam tərs proseslə üzləşib, biabır olurlar. İkinci tiplər, kütləni özündən yuxarı görənlərdilər. Özünü 10 qəpik, qarşındakıları Sovetin 1 manatlığı kimi yəni. Adətən belə məqamda deyirlər ki, kütlənin üst tərəfdən gələn yumruğu hər zaman natiqin başının üstündə olur. Ən yaxşısı, üçüncüsü, insanlarla eyni səviyyədə olub, onların gözünə düz baxmağı bacarmaqdır.
Sözümün canı. Londonda olanlar bilirlər, bu şəhərin metro vaqonlarında pulsuz qəzetlər paylanır. Təlimə dəvət alan orator metroda gedərkən əlinə pulsuz qəzetlərdən birinin axşam buraxılışı keçir. Və təsadüfdən bir jurnalist uğur və nailiyyətin yolları haqda məqalə yazıbmış. Metroda olduğu müddətdə həmin məqaləni yaxşıca mənimsəyən orator təlim zamanı elə həmin mövzudan söz açır və bütün çıxışını bunun üzərində qurur: “Məqalə müəllifi deyir ki,” “Məqalə müəllifinin qənaətinə görə”, “Məqalə müəllifi belə düşünür” və s. və i.a. Bu zaman təlimdə iştirak edən araşdırmaçılardan biri ayağa qalxaraq oratora bunları deyir: “Hörmətli cənab, bütün seminar boyu biz ancaq o məqalə müəllifinin nə yazdığını, nə dediyini, nə düşündüyünü eşitdik. Biz bu seminarda iştirak etmək üçün pul ödəmişik və bizim üçün maraqlı olan məqalə müəllifinin nə düşündüyü deyil. Biz sizin nə düşündüyünüzü bilmək istəyirik, siz bizə nə məsləhət görürsünüz”.
Bəli, növbəti məqalə və şərhlərdə maksimum dərəcədə “ filankəs onu dedi, bunu dedi” deyil, daha çox öz fikir və təcrübəmizdən irəli gələnləri paylaşacağıq. Ümid edirik ki, axtardığımız həqiqət açarı elə işıq olan yerdədir.
Sənan Nəcəfov