Peşə seçimi ilə əmək bazarının tənzimlənməsi müzakirə edildi – FOTOLAR
Azərbaycan Respublikasının Gənclər Fovdunun dəstəyi “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında Davamlı İnsan İnkişafı namınə peşə seçiminin əhəmiyyəti” adlı layihənin təlimi keçirilib.
Aktor.Az xəbər verir ki, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin sədri Yusif Ağayev tədirdə çıxış edərək qeyd etdi ki, Davamlı İnsan İnkişafı baxımından peşə seçiminin əhəmiyyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Son illərdə dünyada gedən proseslər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Bu dəyişim bütün sahələrdə özünü göstərməkdədir.Risklər artmaqda, ölkələr arası rəqabət dərinləşməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməktədir. Bu günkü reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra yalnız adaptasiya qabiliyyətli, innovativ, inkluziv, çevik davranış və bilik üzərində qurulan strategiyaları olan ölkələr uğur əldə edə biləcəklər.
Mərkəz rəhbəri Y.Ağayev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “qara qızılın” “insan qızılı”na çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Davamlı inkişaf strategiyası ölkənin bu gününə, gələcəyinə və dünyanın qorunmasına istiqamətlənməsidir. Yəni bütün resurslar elə istifadə edilməlidir ki, həm inkişaf davamlı olsun həm də dünya deqradasiyadan qorunsun. Bu hədəflərə çatmaq və töhfə vermək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhfə verməyə təşviq edir.
Y.Ağayev xüsusi vurğuladı ki, layihənin ideyası akademik Urxan Ələkbərovun “Davamlı inkişafdan ekoloji sivilizasiyaya: ali təhsil və əmək bazarı” adlı məqaləsindən qaynaqlandı. Məqsəd cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartları, əmək bazarının tələbatına uyğun peşələr və ixtisaslar üzrə peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsi, müasir peşə-tədris mərkəz və komplekslərin yaradılması, qeyri-hökumət təşkilatı və beynəlxalq qurumlarla əməkdaşlıq bu sahənin inkişafının əsasında dayanır.
Ali və peşə təhsili üzrə tədqiqat aparan, bu sahədə nəzəri və praktik biliklərə malik olan ekspertlər iqdisad üzrə fəlsəfə doktoru Elşan Əhmədov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sakit Əliyev, Mübariz Şərifov, Əliyar Musayev, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli, Cöşqun Ələkbərov, Murad Həsənxanlı, Qazi Zərif, Xədicə Əliyeva, AQRO Konsultasiya Mərkəzinin rəhbəri Cavidan Ağazadə, və digərləri çıxış edərək cəmiyyət üçün peşə
təhsilinin əhəmiyyəti və inkişafı konsepsiyasının tədrisi layihəsi çərçivəsində peşə təhsilinin əhəmiyyəti konsepsiyası və prinsiplərinə təşviq edilməsini olduqca vacib hesab etdilər. Qeyd edildi ki, hər kəs öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyin işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatıdır. Eyni zamanda cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından zəruridir.
Tədbirin ikinci müzakirə hissəsində 50-dən çox iştirakçı çıxış edərək Davamlı İnsan İnkişafı naminə peşə təhsilinə diqqətin artırılması məqsədi ilə təşkil olunan layihə çərçivəsində otra, orta ixtisas, peşə təhsili, ali məktəblərin müəyyən olunmuş ixtisaslarında təhsil alanlar üçün nəzərdə tutulmuş təlimlərdə peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, Davamlı İnsan İnkişafı sahəsində peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsinə qoşuldu. Təlimin sonunda iştirakşılara sertifikat, buklet, əyani vasaitlər təqdim edildi.