DiasporDünyaGündəmManşet

Qarabağ atı heykəli Kral sarayının atçılıq mərkəzində

Bu həftə Böyük Britaniyanın atçılıq yönümlü informasiya məkanının əsas qəhrəmanları növbəti dəfə milli qürurumuz olan Azərbaycanın Qarabağ atları olublar.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə, dekabr ayının 19-dan start götürmüş “Olimpiya London Beynəlxalq Atçılıq Şousunda” Qarabağ atları üzərində möhtəşəm şounu intizarla gözləyən Britaniya at həvəskarları tərəfindən həmin gün “Hampton Court” Kral sarayının ərazisindəki atçılıq mərkəzində tuncdan hazırlanmış “Alxan” ləqəbli Qarabağ atı heykəlinin qoyulması xəbəri böyük maraqla qarşılanıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetin doğum gününə tuncdan hazırlanmış “Alxan” ləqəbli Qarabağ atı heykəlini hədiyyə olaraq təqdim edib.

19 dekabr 2018-ci il tarixdə həmin heykəlin “Hampton Court” Kral Sarayında açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev, Kral Sarayının rəhbəri Lord Vestey, Kraliça atlarının rəhbəri Toby Browny, Vindsor At Şousunun direktoru Simon Brooks Ward, Vindsor At Şousunun Departament rəhbəri Sarah Rutherford Jones və digər rəsmi şəxslər iştirak ediblər.

Lord Vestey açılış mərasimində çıxış edərək 2012-ci, 2016-cı və 2018-ci illərdə Vindsor Kral At Şousu tədbirlərinə böyük dəstəyinə görə Azərbaycana minnətdarlığını bildirib. Eyni zamanda Kraliça II Elizabetin hədiyyəyə görə dərin təşəkkürünü çatdıraraq heykəlin yerinin Kraliça tərəfindən seçildiyini qeyd edib.

Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev son illər ərzində Prezident İlham Əliyevin ali dəstəyi sayəsində Azərbaycanın Qarabağ atlarının dünya miqyasında şöhrətinin və nüfuzunun artmasını, Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında atçılıq sahəsində əməkdaşlığın dünya atçılığına ciddi töhfəsini verməsini, bu münasibətlərin ildən ilə daha da genişlənməsindən məmnunluğunu ifadə edib.

21 dekabr tarixində Azərbaycan nümayəndə heyəti Olimpiya London Beynəlxalq At Şousunda möhtəşəm şou proqramla çıxış edəcək. Azərbaycan Respublikası Atçılıq Federasiyasının hazırladığı bu proqram “Odlar yurdu Azərbaycan və Qarabağ Atı” adlanır. Bu həyəcanverici şou proqram Qarabağ atları üzərində möhtəşəm hərəkətlər göstərən Dövlət Sərhəd Xidmətinin Süvarilər dəstəsinin və rəqs ansamblının çıxışlarından ibarət olacaq.

Qeyd edək ki, London mərkəzindən 19 km məsafədə yerləşən “Hampton Court” Kral sarayının inşasına 1515-ci ildə başlanılıb və Kral VIII Henrinin yaxın əyanlarından olan kardinal Tomas Volsi üçün tikilib. Bu möhtəşəm imarət Böyük Britaniyanın qədim saraylarından biridır. Böyük Britaniyanın ən qədim Atçılıq mərkəzi məhz bu sarayın ərazisində yerləşir. 1528-ci ildə qurulan mərkəz bu gün də Kraliçaya məxsus atların yetişdirilməsi, təlimlərinin keçirilməsi və saxlanması üçün fəaliyyət göstərir.

2012-ci ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyası Böyük Britaniyanın ən məşhur atçılıq tədbirlərindən olan “Vindzor Atçılıq Şoularının” (Royal Vindsor Horse show) iştirakçısı olub. Həmin il 3 Qarabağ atı və rəqs qrupu ilə çıxış edən heyət 1956-cı ildən sonra ilk dəfə sarayda qəbul edilən nümayəndə heyəti olub. 1956-cı ildə ilk dəfə “Zaman” ləqəbli Qarabağ atı Böyük Britaniya Kraliçası II Elizabetin doğum gününə hədiyyə edilmişdi. Gözəlliyi və hərəkətləri ilə hamını valeh edən Qarabağ atları son illər ərzində Kraliçanın doğum günü tədbirlərinin mütləq iştirakçısına çevrilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Qarabağ atları 2016-cı ildə Kraliça II Elizabetin 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla çıxış edərək bir daha dünyanı heyran etmişdi. Azərbaycanın Qarabağ atlarının 10-13 may 2018-ci il tarixlərdə Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanmışdı.