Prezident Çavuşoğlunu qəbul edib – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Dövlətimizin başçısı, ilk növbədə, Ankarada dəmir yolu qəzası nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verdi. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu qeyd etdi, 2018-ci ilin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından çox məhsuldar il olduğunu dedi. Özünün Türkiyəyə çoxsaylı səfərlərinə və eləcə də Türkiyə Prezidentinin Azərbaycana səfərlərinə toxunan dövlətimizin başçısı bildirdi ki, birgə iştirak etdiyimiz layihələrin açılışları, Azərbaycanla Türkiyənin təşkil etdiyi hərbi parad və digər önəmli hadisələr birliyimizi bütün dünyaya nümayiş etdirdi. Birgə həyata keçirilən layihələrdən danışan Prezident İlham Əliyev TANAP, TAP, Bakı-Tbilisi-Qars və eləcə də digər layihələrin dünya üçün böyük əhəmiyyət daşıdığını və ölkələrimizin bütün məsələlərlə bağlı bir-birini dəstəklədiyini dedi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman birmənalı şəkildə Azərbaycanın yanında olduğunu və Türkiyənin bu məsələ ilə bağlı verdiyi son açıqlamaları məmnunluq hissi ilə qeyd etdi, qardaş ölkənin bu mövqeyinə görə minnətdarlığını bildirdi.
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu qəbula və başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Türkiyəli nazir qeyd etdi ki, qardaş Azərbaycan və Azərbaycanın lideri Prezident İlham Əliyev hər zaman Türkiyənin yanında olub və Türkiyə də eyni şəkildə həmişə Azərbaycanın yanındadır. Mövlud Çavuşoğlu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasına toxunaraq bu tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təbriklərini çatdırdı. O, Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini məmnunluqla qeyd etdi. Mövlud Çavuşoğlu bildirdi ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının səmimi dostluğu və qardaşlığı, onların verdiyi tapşırıqlar sayəsində iki ölkənin Xarici İşlər nazirlikləri sıx qarşılıqlı fəaliyyət göstərirlər. O, eyni zamanda, ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin önəmini qeyd etdi və qarşıda bir çox görüləsi mühüm işlərin olduğunu dedi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli ilə bağlı Türkiyənin bundan sonra da güclü dəstək verəcəyini qeyd etdi.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.