AzMİU-da Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Anım tədbirində universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Universitetdən Aktor.Az-a verilən məlumata görə, tədbiri açıq elan edən universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən danışıb. Prorektor ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə apardığı uzaqgörən daxili və xarici siyasətinin nəticəsi olaraq ölkəmizin nüfuzunun artdığını, hərtərəfli inkişafa nail olunduğunu diqqətə çatdırıb.
Sonra AzMİU-nun İctimai fənlər kafedrasının müəllimi Zəminə Əsgərova “Heydər Əliyev- dövlətimizin siyasi və ideoloji varisi kimi” adlı məruzə ilə çıxış edib. O məruzəsində bildirib ki, ulu öndər qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə həmişə fərqlənib, hələ sağlığında canlı əfsanəyə çevrilib. “Ulu öndər hakimiyyətdə olduğu dövrdə Azərbaycanda elm, təhsil, səhiyyə, mədəniyyət və iqtidadiyyat sürətli tərəqqi dövrü keçib. Ümummilli lider Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə məhz dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət kimi xalqının yaddaşına əbədi həkk olub”.
AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbəsi Rəvan Yusubov və Nəqliyyat fakültəsinin tələbəsi Məhbubə Nağızadə isə ulu öndərin gənclər siyasətindən danışıblar, ümummilli lider Heydər Əliyevin gənc nəslin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında böyük xidmətlərini xatırladıblar.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunu özündə əks etdirən “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları universitetin idman zalında ümummilli liderə həsr olunan sərgiyə baxış keçiriblər.