Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb – FOTO
Dekabrın 10-da Baş Prokurorluqda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərkən bütün Azərbaycan xalqı kimi, prokurorluq orqanlarının hər bir əməkdaşı da dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq ehtiramını bildirir, əbədiyaşar liderimizin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətini minnətdarlıq hissi ilə qeyd edir.
Bildirilib ki, müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən artıq bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır. Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərib, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilib. Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev öz fəaliyyəti və misilsiz xidmətləri sayəsində xalqımızın qəlbinə və yaddaşına həmişəlik həkk olunub və elə bir iz qoyub ki, ölkəmiz dahi rəhbəri ilə daim fəxr edəcək. Heydər Əliyev sovet dövründə, eləcə də müstəqillik illərində xalqımızın müdafiəsi və rifahı, milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün elə bir yorulmaz və əzmkar fəaliyyət göstərib ki, Azərbaycan xalqı onu özünün həmişəlik Ümummilli Lideri seçib, vətəndaşların ürəyində və qəlbində əbədi yer tutub.
Vurğulanıb ki, respublikada əfvetmə institutunun bərpası, ölüm hökmünün ləğv olunması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması – bütün bunlar məhz ulu öndər Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə sübuta yetirən Prezident İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir. Dövlətimizin başçısının uğurlu fəaliyyəti bir daha göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsini və vətənimizin hərtərəfli tərəqqisini təmin edir. Dünya birliyinə sürətlə inteqrasiya olunan Azərbaycan regionun lider dövləti statusunu özündə saxlamaqla iqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı ölkələri sırasında yerini qoruyub saxlayıb, böyük enerji layihələrinin reallaşdırılması istiqamətində inamlı addımlar atıb.
Qeyd edilib ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktiki şəkildə gerçəkləşdirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü siyasət həyata keçirən dövlətimizin başçısı daim müdrik qərarları, səriştəli və bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas edərək, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin edib. Son illər həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar göstərilənlərin bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.
Xüsusi vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Aprel döyüşlərində öz hərbi gücünü və qətiyyətini real şəkildə bütün dünyaya nümayiş etdirməsi nəticəsində işğaldan azad olunan Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı, eləcə də Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi xalqımızın və dövlətimizin tarixində çox əlamətdar hadisələrdən biri olub. Bu zəfərlər doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimizin işğal altındakı torpaqlara qayıtmaq əzmini daha da artırıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə Azərbaycanda alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, xüsusilə Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti Ulu Öndərimizin irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.
Tədbirdə əminliklə bildirilib ki, ulu öndər Heydər Əliyevin ideyalarına, onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bundan sonra da bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.
Mərasimin sonunda Ümummilli Liderin xatirəsinə həsr olunmuş, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Ömür. Tale. Epoxa” adlı sənədli film nümayiş etdirilib.