GündəmKÖŞƏManşetSiyasət

Elməddin Behbud Ermənistanın demokratiya “nümunəsi”ndən danışdı – Seçki şousu

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Ermənistanda keçirilmiş parlament seçkilərini şərh edib. 

Aktor.Az onun fikirlərini təqdim edir:

“Dünən Ermənistanda 2 siyasi blok və 7 partiyanın iştirakıyla keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb. Yeni parlamentdə təmsil olunacaq siyasi qüvvələrin hamısı aprel-may aylarında baş verən məlum inqilab prosesinin aktorlarıdır: “Mənim addımım” bloku (70,43), Çiçəklənən Ermənistan (8,27) və İşıqlı Ermənistan (6,37). Beləliklə, parlament idarə üsulunun mövcud olduğu ölkənin siyasi taleyinin həll olunduğu dövlət orqanında hakimiyyətə opponent mövqeyində olan qüvvə yoxdur.

Ermənistanın demokratiya “nümunəsi” bununla da bitmir. Nikol Paşinyanın qardaşı oğlu Sipan Paşinyan və həyat yoldaşı, sülh “göyərçini” Anna Hakobyanın qardaşı Hraç Hakobyan da dünənki seçkidə deputat mandatı “qazananlar” sırasındadır. Analoji halın Azərbaycanda baş verəcəyi halda demokratiya “meqafonlarından” çıxacağı şübhə doğurmayan ürəkbulandıran, cırıltılı səslərin fonunda Qərb institutları hələ ki, İrəvandakı seçkidən sonra sükuta dalıb.

Təbii ki, 9 dekabr seçkisini “inqilab”ın ilkin mərhələsinin başa çatması hesab eləmək olar. Ancaq güman ki, nə “Qarabağ” klanı, nə də küçə inqilabçısının gözünün asılı qaldığı iki geosiyasi güc hələ heç nəyi başa çatmış hesab eləmir…”