GündəmManşetSiyasət

Qələbə çalan Paşinyanı 3 əsas problem gözləyir… – Politoloq

Siyasi şərhçi Elxan Şahinoğlu Ermənistanda keçirilən parlament seçkilərini şərh edib. Aktor.Az onun fikirlərini təqdim edir:

“Beləliklə, Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. 2 ermənidən biri seçkiyə getməyib. Bəs niyə belə aşağı fəallıq olub? Bu Ermənistandakı keçmiş seçkilərin kütləvi saxtakarlıqla keçdiyinə işarədir. Keçmiş prezidentlər və hakim partiya administrativ rerursdan gen bol istifadə edir, seçki günü rəqəmləri şişirdirdi. İndi isə seçki məntəqəsinə nə qədər seçici gəlib o qədərinin də statistikası aparılıb. Belə çıxır ki, əvvəlki illərdəki seçici passivliyi daha böyük miqyasda olub.

Nikol Paşinyan siyasi həyata canlanma gətirdi, ancaq bu seçici marağını artırmadı. Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq. 20 ildən sonra “Qarabağ klanı” rəsmən hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq. Qarşıda onu 3 çətin vəzifə gözləyir. Görək öhdəsindən necə gələcək?.

  1. Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək;
  2. İstisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir;
  3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir, Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir”.