Azay Quliyev: “25 məntəqədəki pozuntu 5000 məntəqənin nəticələrinə kölgə sala bilməz”
ATƏT Parlament Assambleyasının Milanda keçirilən Büro iclasında Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev “Seçki islahatları və seçki müşahidə prosedurunun xülasəsi” adlı sənədin müzakirəsi zamanı çıxış edib.
Azay Quliyev səfir Nothelleyə seçki müşahidə prosedurlarının həyata keçirilməsinə dair hərtərəfli və ətraflı sənəd layihəsinə görə təşəkkür edib və bildirib ki, bu sənədin ümumi konsepsiyasının müzakirəsi və onun qəbul olunması zəruri və vaxtında atılan addımdır: “Xüsusən bəyəndiyim aspektlər arasında müşahidəçilərin təyin edilməsi, maraqların toqquşmasının həll olunması və seçki müşahidələrinin standartlarının müəyyənləşdirilməsinə dair aydın təlimatların olmasını qeyd edə bilərəm”.
Daha sonra Azay Quliyev sənədin təkmilləşdirilməsi üçün bəzi şərh və təkliflərini Büro üzvlərinin diqqətinə çatdırıb: “İlk nöbvədə onu qeyd etməliyəm ki, seçki standartlarının uğurlu tətbiqi və və seçkilərin obyektiv qiymətləndirilməsi üçün ATƏT-in İnsan Hüquqları və demokratik Təsisatlar Bürosunun (DTİHB) metodologiyasına yenidən baxmaq və mövcud qüsurları aradan qaldırmaq lazımdır. Məsələn, seçkilərin ümumi qiymətləndirilməsinin çox vacib elementi seçki məntəqələrindəki səslərin hesablanması prosesini “pis” və ya “çox pis” kimi qiymətləndirən sorğulardır (icazə verilən alternativ “yaxşı” və ya “çox yaxşı” cavablarıdır, heç bir aralıq variant təklif olunmur). DTİHB-nin statistika mütəxəssisləri səsvermə prosesinin müşahidə etdikləri məntəqələrdə mənfi qiymətləndirilməsinin 5 faizdən çox olduğu təqdirdə seçkilərə mənfi qiymət verirlər. Düşünürəm ki, DTİHB beynəlxalq seçki müşahidə missiyasının seçki nəticələrinin qiymətləndirilməsinin bu metodikası onun etibarlılığı, ədalətliliyi və obyektivliyi ilə bağlı ciddi suallar yaradır. Tutaq ki, hər hansı bir ölkədə 5000 seçki məntəqəsi var və DTİHB onların 500-ünü müşahidə edib və müşahidə edilən seçki məntəqələrinin 5 faizinin pis və ya çox pis olduğunu müəyyən edib. Hesablama apardıqda bu 5 faiz altında 25 məntəqənin nəzərdə tutulduğunu görürük. Beləliklə, biz bütün səsvermə, hesablama prosesini 5000-dən 25 seçki məntəqəsi əsasında qiymətləndiririk. Hesab edirəm ki, PA bu məsələni DTİHB ilə müzakirə etməlidir. Bu, seçki müşahidə missiyamızın etibarlılığına ciddi zərbə vurur.
Digər bir məsələ, Beynəlxalq Seçki Müşahidəçiləri üçün Davranış Kodeksində qeyd olunub ki, onlar “istənilən hökumətə, siyasi partiyalara, namizədlərə münasibətdə hər hansı bir qərəzli yanaşma sərgiləməməli, həmin ölkələrin milli qanunvericiliyini pozacaq hərəkətlərə yol verməməlidir”. Bununla tam razıyam. Amma dəqiqləşdirmək üçün soruşmalıyam ki, uzunmüddətli müşahidə missiyaları, xüsusilə də DTİHB-in yüksək vəzifəli şəxsləri ilə bağlı eyni məsələləri necə həll edəcəyik? Çünki keçmişdə biz bu halların şahidi olmuşuq.
Seçkilərin yekununa dair ilkin bəyanatın hazırlanması prosesi də ciddi suallar doğurur. Belə ki, bu bəyanatın 90 fazini DTİHB hazırlayır və burada ATƏT PA-nın rolu çox az olur. Hesab edirəm ki, bu məsələni də ayrıca müzakirə edib ən uyğun həll yolunu tapmalıyıq.
Sonda isə təklif edərdim ki, bu sənəd rəy və təkliflərin alınması üçün bütün nümayəndə heyətinin rəhbərlərinə göndərilsin”.