Subartezian quyuları layihələndirilməsi və qazılması işləri başa çatdırılıb
12 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılmışdı.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Aktor.Az-a bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.
Xatırladaq ki, bütün digər sahələrlə bərabər, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məsələsi cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və bununla bağlı müxtəlif illərdə onun tərəfindən müvafiq sərəncamlar və tapşırıqlar verilib.
Onu da qeyd edək ki, subartezian quyularının çox hissəsi cəbhə xəttinə yaxın ərazilərdə qazılıb. Məqsəd döyüş bölgəsinə yaxın ərazilərin su təminatının daha da yaxşılaşdırılmasıdır.
Dilqəm Şərifov