AzMİU-nun Azərbaycan-İtaliya Dizayn Mərkəzində təqdimat mərasimi keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Azərbaycan-İtaliya Dizayn Mərkəzində İtaliya-Azərbaycan ticarət mərkəzinintəqdimat mərasimi keçirilib.
Görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycan-İtaliya Ticarət palatasının direktoru Şahin Abbasov, Milli Məclisin deputatı Azər Kərimli, Azərbaycan Memarlar İttifaqının 1-ci katibi Fərhad Mollazadə, Milan Politexnik Universitetinin (POLİMİ) Dizayn Departamentinin rəhbəri, professor Silvia Piardi, professorlar Mauro Cecenello, Allesandro Biamonti, beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn kafedrasının əməkdaşları, ölkəmizin qabaqcıl istehsalat şirkətlərdən(BP, Socar, Paşa Holdinq, Embawood MMC, Aksesuar İnşaat, Yarat, Çələbi və.s) nümayəndələr iştirak ediblər.
AzMİU-nun Strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova hər kəsi salamlayaraq, ölkəmizin aparıcı istehsalat şirkətlərindən gələn nümayəndələrə görüşdə iştirak etdikləri üçün təşəkkürünü bildirib. Sonra sözü G.Məmmədovaya verib.
Rektor gələn qonaqları salamlayıb, bu ilin iyul ayında iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin imzalandığını,eləcə də AzMİU ilə Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını yada salıb.
O qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya-Azərbaycan Dizayn mərkəzinin yaradılması təşəbbüsü olub. “Hazırda universitetin nəzdində belə bir mərkəz yaratmışıq. Mərkəzin fəaliyyətinə gəlincə, düşünürük ki, başladığımız bu layihə istehsalat müəssisələrinin iştirakı olmadan mümkün deyil. İtaliyada dizayn təhsilinin bünövrəsi məhz təhsil və istehsalat müəssisələrinin birliyi əsasında qurulub”.
Rektor bildirib ki, bu mərkəzi yaratmaqda məqsədimizölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaqdır. Yaradılan dizayn mərkəzi məhz Azərbaycanda ali dizayn təhsilinin İtaliya nümunəsi üzərində qurulmasına şərait yaradacaq və baza rolunu oynayacaq.
G.Məmmədova AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib.
Rektor bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilis dilli tədrisin aparıldığını, bununlada ilkin addımların atıldığını söyləyib. AzMİU-nun və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihənin 2 il müddətində gərçəkləşdiriləcəyini, lakin gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramların həyata keçirilməsinin qarşıya məqsəd olaraq qoyulduğunu deyib.
S.Piardi geniş və əhatəli çıxışında istehsal müəssisələrinin nümayəndələrinə layihənin məqsədi, gələcəkdə dizayn sahəsinə olan müsbət təsiri ətrafında danışıb.
İtaliyalı qonaq təmsil etdiyi universitetlə istehsalat müəssisələri arasında olan təcrübələri bölüşüb.
Görüş zamanı istehsalat müəssisələrinin nümayəndələri ilə POLİMİ professorları arasında ətraflı fikir mübadiləsi aparılıb və atılacaq ilkin addımlar müzakirə olunub.
Qeyd edək ki İtaliya-Azərbaycan Dizayn Mərkəzi POLİMİ professorları, AzMİU-nun akademik heyəti, istehsalat şirkətləri və tələbələrin birlikdə dizayn sahəsində işlər görəcəyi fiziki bir məkandır. Gerçəkləşən layihə çərçivəsində bu mərkəzdə POLİMİ Dizayn kafedrası və AzMİU Dizayn kafedrası birlikdə işləyərək yeni kurikulum, müxtəlif vorkşoplar, seminarlar və treyninqlər həyata keçirəcəklər.
Xatırladaq ki, cari ilin iyul ayında İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə iki ölkənin qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalamışdı. Hər iki ölkə prezidentinin iştirakı ilə “Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu” da imzalanmışdı. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və Milan Politexnik Universitetinin Dizayn Departamentinin rəhbəri Silvia Piardinin imzaladığı Memorandumdan irəli gələrək hər iki ölkə universiteti arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi nəzərdə tutulmuş, həmçinin AzMİU-da Dizayn mərkəzinin yaradılması təşəbbüsü irəli sürülmüşdü.