GündəmManşetSiyasət

Elməddin Behbud: “Aİ-nin rəhbərliyi Azərbaycana da toplantıda bərabərhüquqlu şəkildə iştirakını təmin etməlidir”

Bu ilin dekabr ayında Tbilisidə təşkil ediləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə bağlı xəbərlər yayılmaqdadır. Məsələnin Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırıldığı deyilir.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud məsələ ilə bağlı Bizimimyol.info saytının sorğusunu cavablandırıb

“Bildiyimiz kimi Şərq Tərəfdaşlığı Avropa İttifaqının (Aİ) 2009-cu ildə altı postsovet ölkəsi-Azərbaycan, Gürcüstan, Belarus, Ukrayna, Moldova və Ermənistan ilə əlaqələrinin inkişafı üçün yaratdığı xüsusi platformadır. Şərq Tərəfdaşlığı çərçivəsində irəli sürülən bütün təşəbbüslərin əsasını Avropa İttifaqının təcrübəsini mənimsəyərək onun standartlarına yaxınlaşma ideyası təşkil edir. Aİ-nin Şərq Tərəfdaşlığına dair rəsmi sənədinin layihəsində açıq şəkildə bəyan edilir ki, bu tərəfdaşlığın əsasını insan hüquqlarına, demokratiyaya, qanunun aliliyinə hörmət prinsipi təşkil edir. İndi necə ola bilər ki, Şərq Tərəfdaşlığının müstəqilliyini əldə edəndən üzü bu yana hər zaman Azərbaycanın hərtərəfli dəstəyini hiss etdiyi qonşu Gürcüstanın paytaxtında keçiriləcək illik Məclisinin iclasına Azərbaycan hökumətinin nümayəndələri dəvət edilməsin? Əgər yayılan xəbərlər doğrudursa buna təşkilatçı tərəfin dərhal aydınlıq gətirməsi vacibdir. Ümid edirəm ki, antiazərbaycan dairələrin belə bir planı varsa da Aİ-nin rəhbərliyi Şərq Tərəfdaşlığının ruhuna və prinsiplərinə hörmətlə yanaşaraq bu cür qeyri-adekvat davranışdan imtina etməli və Azərbaycanla da toplantıda bərabərhüquqlu şəkildə iştirakını təmin etməlidir.

Həmçinin, yayılan məlumatda deyilir ki, fəxri qonaq kimi Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bu toplantıya dəvət edilib. Əgər Nikol Paşinyandan Ermənistanın Şərq Tərəfdaşlığına daxil olan digər bir dövlətinin ərazisinin 20%-ni işğaldan nə zaman edəcəyini soruşmaq və narkotik qaçaqmalçılığının cazibə mənbəyinə, Cənubi Qafqazın Əfqanıstana çevrilən Dağlıq Qarabağdan hərbi birləşmələrini geri çəkməyi tələb etmək üçün dəvət edirlərsə bunu alqışlamaq lazımdır. Əks halda bu addım münasibətlərin birtərəfli qaydada pozulmasına təhrikdir. Digər bir məsələ isə Aİ-nin Ukrayna, Gürcüstan və Moldova kimi Azərbaycanın da ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi məsələsidir. Tiflis toplantısında yekun sənəddə iğlaçıların kateqoryalaşdırılması, üç dövlətə bir, Azərbaycana isə digər münasibətin göstərilməsi qəbulolunmazdır. Əlbəttə, burada həm də Şərq Tərəfdaşlığınının illik toplantısına qatılacaq vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsulliyyət düşür. Siyasi baxışlarından asılı olmayaraq Azərbaycan vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri mövcud platformada milli maraqlarımıza qarşı yönələn istənilən təhdid və hücuma qarşı qətiyyətli münasibət göstərməlidirlər. Onların sözügedən platformada işğalçı Ermənistan dövlətinin ötən 25-30 il ərzində beynəlxalq hüquq normalarını tapdamasına laqeyd münasibətin hesabını soruşmaları zəruridir. Çünki, əks halda ortaya sual çıxacaq ki, insan hüquq və azadlıqlarının qorunması dedikdə yüz minlərlə məcburi köçkün azərbaycanlının haqlarının təminatını gözardı edən vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistan və havadarlarından nə qədər fərqi var? Qeyd olunan məsələr üzrə konsensusun əldə olunmasına yönələn fəaliyyətin dayandırılması və prosesin birtərəfli olaraq Azərbaycanın əlehinə yönləndirilməsi Şərq tərəfdaşlığının Azərbaycana qarşı şər formatına dönməsi təhlükəsini yaratmış olur. Unutmamalıdırlar ki, Ermənistana bu formada qucaq asmaqla nə regionda, nə də bütövlükdə Avropada sülhə, təhlükəsizliyin təminatına, demokratiyaya xidmət etmək mümkün deyil. Belə mövqe, yumşaq şəkildə ifadə etsək riyakarlıqdır”.