Prezident Solovyovu qəbul edib
Prezident İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu qəbul edib.
Aktor.Az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Rusiya arasında digər sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinin arasında da ənənəvi olaraq uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirib, eyni zamanda, bu sahədə əlaqələrin daha da fəallaşdırılmasının vacibliyini qeyd edib. Bu baxımdan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası KİV nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri ictimaiyyətin ölkələrimizdə baş verən proseslər barədə daha çox məlumatlı olması işinə kömək edə bilər. Eyni zamanda, dövlət başçısı qeyd edib ki, bu cür səfərlər ölkələrimiz arasında bu gün çox uğurla inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından da önəmlidir. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində Azərbaycanın və Rusiyanın dövlət başçılarının qarşılıqlı səfərləri və mütəmadi görüşlərinin xüsusi rol oynadığını qeyd edib. Dövlət başçısı Vladimir Solovyovun səfərinin jurnalistika sahəsində əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Prezident İlham Əliyevlə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir və çox yüksək səviyyədədir. Qonaq Azərbaycanda Rusiya mədəniyyətinə, mətbuatına böyük hörmətlə yanaşıldığını qeyd edərək, məmnunluq hissi ilə ölkəmizdə bütün Rusiya televiziya kanallarının yayımlandığını bildirib. O, Rusiya jurnalistlərinin azərbaycanlı həmkarları ilə daim qarşılıqlı əlaqələr saxlamaq istəyində olduqlarını deyib. Vladimir Solovyov bu baxımdan noyabrın 19-da Azərbaycan Mətbuat Şurası və Rusiya Federasiyası Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun əhəmiyyətini vurğulayıb.