ManşetSiyasət

Əli Kərimli sərbəst buraxılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sərbəst buraxılıb.Bu barədə Səbail rayon Məhkəməsi qərar verib.
Qərara əsasən, 2500 manat cərimə edilən Əli Kərimli sərbəst buraxılıb.
Həmçinin, məhkəmə tərəfindən Əli Kərimlidən başqa AXCP-in 10 üzvü barəsində cərimə cəzası tədbiq edilib.
Onlardan 5-i aşağıdakı şəxslərdir:
Fatimə Mövlamlı- 500 manat
Nurlan Libre- 500 manat
Ramid Nağıyev-400 manat
Ramiz Cəfərov-500 manat
Sərdar Cəfərov- 400 manat
3 nəfərə isə inzibati qaydada həbs cəzası verilib.
Qeyd edək ki, Baş şəhər Baş Polis İdarəsinin yaydığı məlumata əsasən, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq özlərinin adlandırdıqları “Meydan hərəkatı”nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxııb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.
Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilib.
Digər şəxslər isə 513.2-ci maddə ilə təqsirli bilinib.