Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
26 yanvar 2019-cu il tarixində Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) təşəbbüsü və “Baku School of PR”, “Alibayov Communication & Consulting” və “PROAKTİV” PR şirkətlərinin təşkilatçılığı ilə “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu” keçiriləcək.
Forumun təşkilat qrupundan Aktor.Az-a verilən məlumata görə, forumun məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında və təcrübə mübadiləsi üçün yeni platforma yaratmaq və bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfə verməkdir. Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumunun məhz Bakı şəhərində təşkil olunması ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin göstəricisidir. Foruma yerli və xarici qurumlar və ictimai siyasi xadimlər, o cümlədən, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral, Türkiye Halkla İlişkier Dernegi (TÜHİD), Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistanın biznes və qeyri-hökümət təşkilatları, Türkdilli dövlətlərin Parlament Assambleyası və digərləri dəstək verirlər.
Forumda iştirak edəcək xarici qonaqlar üçün xüsusi mədəni proqram da təşkil olunacaq. Bu da bir daha Azərbaycanın mədəni-tarixi irsinin türk dünyası PR mütəxəssisləri tərəfindən təbliğ olunmasına imkan verəcək.
Qeyd edək ki, forumda Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssislərinin, həmçinin yerli şirkətlərdə çalışan 200-dən artıq PR mütəxəssisinin iştirakı nəzərdə tutulur. Yaxın günlərdə Forumun rəsmi saytı, sosial profilləri işə salınacaq və ictimaiyyət forumla bağlı bütün suallara oradan cavab tapa biləcəklər.
Daha ətraflı: Tel.: +99450 2136682