AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olundu – FOTOLAR
Noyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Məclisin deputatları, tanınmış ziyalılar və şəhid ailələrinin iştirakı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Aktor.Az xəbər verir ki, xəbər verir ki, tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğullarımızın – Aprel şəhidlərinin xatirəsinin daim qəlbimizdə yaşadığını vurğulayıb. Rektor deyib: “Aprel şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir. Qoy gənclərimiz bu qəhrəmanlardan örnək götürsünlər, onlara bənzəməyə çalışsınlar”.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə tədbirin keçirilməsində göstərilən dəstəyə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ölkəmizin bir çox təhsil müəssisələrində bu cür tədbirlər keçirdiklərini deyən Sevinc Alızadə gənclərin vətənpərvər ruhda yetişməsində belə aksiyaların önəmini xüsusi qeyd edib.
Sonra 2016-cı ilin Aprel hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Milli Məclisin deputatları Flora Sadıqova, Qənirə Paşayeva və Aqil Abbas çıxışlarında gəncləri qəhrəmanlarımızı daha yaxşı tanımağa və tanıtmağa səsləyib, onları yaxın keçmişimizi unutmamağa çağırıb. Aprel qazisi Əhliyyət Mehdiyev Aprel döyüşlərini hər zaman həm qürur, həm də hüznlə xatırlayacağını bildirib. Bu döyüşlərdə dostlarını itirdiyini kədərlə xatırlayan qazimiz, eyni zamanda, illərdir həsrətlə gözlədiyimiz zəfər sevincini yaşadığımız Aprel döyüşlərinin tarixə yazıldığını söyləyib: “Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır”.
AzMİU-nun tələbələri tədbirdə vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar.