“Murad Dadaşov ən böyük alverçidir” – SƏRT AÇIQLAMALAR
ATV-də yayımlanan “Maşın şou”da jurnalistlərə qarşı böyük hörmətsizlik edilib.
Şounun qalibi 2 gün öncə məlum olsa da, aparıcı Murad Dadaşov və komandası qalibi tamaşaçılardan gizlətmək qərarına gəliblər. Sponsorlarla bağlanan müqaviləyə görə, şou 17 gün davam etməli və final günü oktyabrın 25-də olmalı imiş. Ancaq media M.Dadaşovun bu “oyun”unu üzə çıxardıb və yarışı Talıb Talenin qazandığını yazıb. Bu da aparıcını qəzəbləndirib və o, mühafizəçilərə şouya dəvət etdiyi jurnalistləri zaldan uzaqlaşdırmaq göstərişi verib. Mühafizəçilər media nümayəndələrini studiyadan kobud şəkildə uzaqlaşdırıblar.Metbuat.az sözügedən məsələ ilə bağlı media nümayəndələrinin fikirlərini öyrənib:
“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli baş verənləri ilk növbədə tərbiyəsizlik və böyük mədəniyyətsizlik kimi dəyərləndirdiyini söylədi:
“Bu tərbiyəsizliyin səbəbi odur ki, media nümayəndələri şou təşkilatçılarının saxtakarlığını və yalanını üzə çıxarıblar. Onlar bu dəfə xalqı aldada bilmədilər, çünki şounun bitdiyini 2 gün öncə ilk olaraq bizim sayt yazdı. Məhz bu səbəbdən də təşkilatçılar jurnalistlərdən qisas almaq üçün belə addım atıblar. Amma bu addım onları daha da hörmətdən saldı. “Maşın” şou bu gün üçün bitə bilər, ancaq bunun sabahı da var. Bu gün bu hərəkəti edənlər sabah yenə mediaya möhtac olacaqlar.”
“Premtime.az”-ın baş redaktoru Türkan Məmmədli məsələ ilə bağlı açıqlama vermək istəmədi: “Məsələni hələ araşdırmamışam”.
“Showxeber.az”-ın studiyadan uzaqlaşdırılan müxbiri Elman Məmmədov isə baş verənlərin hörmətsizlik yox, birbaşa təhqir olduğunu söylədi:
“Bu mediaya qarşı hörmətsizlik yox, birbaşa təhqirdir. Belə böyük miqyasda layihə hazırlanırsa, yayılması istənilməyən məlumatlar qorunmalıdır. Qalibin kimliyinə gəldikdə, bu məlumat sızıbsa, xəbərin yazılmasında media günahkar deyil. Əvvəlcə medianı dəvət edib, sonra peşman olmaq heç bir etikaya sığmır. Şou başlayandan səhifə-səhifə xəbərlər yazan saytlara qoyulan “hörmət”i artıqlaması ilə hiss etdik. Bağışlasınlar, amma bilmək istərdim, bu xəbərin də linkini yollasaq, saytlarında paylaşarlar?”
“Azvision.az”-ın baş redaktoru Vüsal Məmmədov isə şounun komandasına haqq qazandırdı:
“Azərbaycanda jurnalistin bu qədər hörmətsiz olmasının əsas günahkarı elə jurnalistlərin özləridirlər. Buna görə də, əcəb olub. Gərək qovanda yağlı bir təpik də vurardılar”.
“Enter.News Media Qrup”un rəhbəri Elçin Bayramov isə baş verənlərə başqa müstəvidən yanaşdı:
“Jurnalistlərin studiyadan qovulmasına aydınlıq gətirmək üçün sizə kiçik bir arayış təqdim etməliyəm: Murad Dadaşovun “Maşın”ı Azərbaycan istehsalı olduğu üçün sözün bütün mənalarında köhnəlib. Azərbaycan xalqı daha çox alman maşınlarını sevir. Murad Dadaşov teleməkanının ən böyük alverçisidir. Fürsətdən istifadə edib çox yaxşı pul qazanır. Məqsədim onun pulunu hesablamaq deyil, reallığı çatdırmaqdır. “Maşın” təzə başlayanda ölkədə maraqla izlənilirdi. Xalq arasında da ciddi proqram kimi qarşılanırdı. Xalqın gözü tərəzidir. Tamaşaçılar sonradan gördü ki, bu adam proqram aparmır, alverlə məşğuldur, ancaq sponsorları və cibini düşünür. Bundan sonra “Maşın”ın reytinqi hər il aşağı düşdü. Layihənin xalq arasında nüfuzu getdikcə azaldı. Murad Dadaşov elə bilir ki, bu proqram qlobal bir layihədir və özünü BBC, CNN, ABC, NTV səviyyəsində hiss edir. Amma unutmasın ki, əyalət səviyyəli bir layihə aparır. Jurnalistləri studiyadan kənarlaşdırmağa gəlincə, onu bildirim ki, bu etikaya sığmayan addımdır. Mərifətli insan heç vaxt belə addım atmaz. Əvvəlcədən dəvət etməsəydilər, daha doğru olardı, nəinki çağırıb, studiyadan qovmaq. Murad Dadaşov sonuncu “Maşın”larda başa düşdü ki, artıq bu “Santa-Barbara”dır, əvvəlki kimi izlənmir. Qıcıq olmağa başladı. Hansısa bir sayt vaxtından əvvəl qalibin adını açıqlayırsa, bu işin günahkarı jurnalist deyil. Problem onun komandasının qeyri-peşəkarlığıdır. İnformasiya təhlükəsizliyini qoruya bilmirlərsə və saytlar bunu xəbər edirsə, Murad Dadaşov jurnalistlərdən niyə qisas alır? Jurnalistin peşəsi xəbər tapmaqdır. Hadisə doğrudan da belə olubsa, aparıcının bu addımını kəskin şəkildə qınayıram.”