GündəmKÖŞƏManşetSiyasət

Ermənistan hakimiyyəti öz xalqını təcrid vəziyyətinə salıb

Bu gün Ermənistanda vəziyyət heç də siyasətçilərin nikbin bəyanatları ilə uzlaşmır. Bunu həmin ölkənin daxilində baş verən sosial-iqtisadi və mədəni geriləmə proseslərindən aydın görmək mümkündür. Öz uğursuz siyasəti ilə Ermənistan hakimiyyəti xalqını regionda təcrid vəziyyətinə salıb…

Bu sözləri “Xalq qəzeti”nə “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri, analitik Elməddin Behbud bildirib.

O, qeyd edib ki, bu gün Ermənistanda ağır miqrasiya və sosial problemlər hökm sürür. Üstəlik, hakimiyyət dəyişikliyi və Paşinyanın hakimiyyətə gəlməsi ümidləri doğrultmadı. Ermənilər artıq nəyinsə yaxşılığa doğru dəyişəcəyinə inanmırlar. Qarabağ münaqişəsinin həlli istiqamətində də indiki erməni hakimiyyəti Serj Sarkisyan iqtidarından heç nə ilə fərqlənmir və bundan ən çox əziyyət çəkənlər sadə erməni vətəndaşlarıdır.

Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyanın fikiləri bunu bir daha təsdiq etmiş oldu. O, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin 30 oktyabr tarixində İstanbulda keçirilən üçtərəfli görüşü çərçivəsində bu üçlüyün xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə imzalanan İstanbul Bəyannaməsi ilə bağlı səsləndirdiyi fikirlərlə özü-özünü təkzib etmiş oldu. Çünki onun 30 oktyabr görüşünün bəyannaməsi haqqında dediyi sözlər Ermənistanın münaqişənin həlli istiqamətində səsləndirdiyi bəyanatlarla atdığı addımlar arasında uyğunsuzluğu qabarıq şəkildə göstərir.

E.Behbud deyib ki, rəsmi İrəvan bu kimi qeyri-ciddi bəyanatlarla problemin həllini dalana dirəyir. Buna görə də, regional aktorlar, o cümlədən Rusiya, İran, Gürcüstan və digər ölkələr artıq Ermənistana bir dövlət kimi hörmət etmir. Regionda olan güc mərkəzləri yaxşı anlayırlar ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyri-konstruktiv mövqedən, Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməsi zəruridir. Ermənistan isə münaqişəni öz xeyrinə həll etmək istəyir, qondarma Qarabağ rejiminin tanınmasına çalışır. Amma yaddan çıxarırlar ki, Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və burada qondarma rejimi dünyanın sivil dövlətlərinin tanıması nə hüquqi, nə də siyasi cəhətdən mümkündür.

Ermənistan rəhbərliyi dərk etməlidir ki, ölkəni bu anarxiya vəziyyətindən xilas etmək, sosial-iqtisadi problemləri yoluna qoymaq üçün mütləq işğal etdiyi torpaqlardan çəkilməlidir. Regionda sülhün bərqərar olması yalnız bu şəkildə mümkündür.