Milli konfrans vərəmə son qoymağı dəstəkləyir – ÜST
Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki və maliyyə dəstəyi ilə təşkil olunan iki günlük milli elmi və praktik konfrans vərəmin diaqnozu, müalicəsi və profilaktikasının müasir metodları mövzusuna həsr olunub.
Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Tibb Universiteti və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mütəxəssislərini bir araya gətirən tədbir, ÜST-nin tövsiyələrinə uyğun olaraq vərəmin diaqnozu, müalicəsi və profilaktikasına dair yeni yanaşmalara dair maariflənməni təşviq etmək məqsədi daşıyır.
İştirakçılar həmçinin ÜST-nin Avropa regionu, eləcə də Azərbaycanda epidemioloji vəziyyəti və vərəmə qarşı cavab tədbirlərini, dərmana qarşı davamlı vərəmin diaqnostikası və müalicə xüsusiyyətlərini, yeni və dəyişdirilmiş dərman preparatlarının istifadəsi və qısa müddətli müalicə rejimlərini müzakirə edəcək.
ÜST 2014-cü ilin may ayında yeni Qlobal Vərəmlə Mübarizə Strategiyası haqqında qətnamə qəbul edib. Strategiya 2015-ci ildən 2035-ci ilə qədər vərəmdən ölüm hallarını 95% və yeni yaranan halları 90% azaltmağı, eləcə də vərəmə görə ailənin ödəməli olduğu yüksək xərcləri aradan qaldıraraq, qlobal vərəm epidemiyasına son qoymağı hədəfləyir.
Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, üzv dövlətləri vərəmin erkən diaqnostikası, dərmana davamlı vərəmə yoluxan insanların müalicəsi, xəstələrə xidmət sistemi, GİÇS-lə bağlı koinfeksiya, vərəmin profilaktikası və vaksinasiya addımlarının icrası, eləcə də Strategiya və onun hədəflərinin ölkə səviyyəsinə uyğunlaşdırılması işində dəstəkləyir.