GündəmManşetMədəniyyət

“Bakı beynəlxalq platformaların təşəbbüskarı kimi çıxış edir”

VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti ilə bağlı “İki sahil”ə açıqlama verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov bildirdi ki, Azərbaycan dünyada beynəlxalq platformaların həyata keçirildiyi bir məkana çevrilib:

“Bunun özünün bir sıra iqtisadi, siyasi və kulturoloji səbəbləri var. Əvvəlcə onu qeyd etmək lazımdır ki, beynəlxalq platformaların Azərbaycanda reallaşmasını şərtləndirən səbəblərdən biri ölkəmizdə mövcud olan siyasi sabitliklə bağlıdır. Ona görə də bir sıra beynəlxalq tədbirlər məhz paytaxt Bakıda keçirilir. İkinci bir məqam isə odur ki, rəsmi Bakı beynəlxalq platformaların təşəbbüskarı kimi çıxış edir. Bu da təbii ki, ölkəmizin dünyada getdikcə daha da artan nüfuzundan xəbər verir. Bu mənada Bakı Beynəlxalq Humanitar Forumunun mütəmadi olaraq keçirilməsi ölkəmizin yürütdüyü daxili və xarici siyasətin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərlə bağlı dünyaya doğru informasiyanın çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Burada digər bir məqam isə iqtisadi və mədəni amillərlə bağlıdır. İqtisadi amil onunla bağlıdır ki, xaricdən ölkəmizə gələn qonaqlar Azərbaycanın artan iqtisadi gücünü görürlər. Bu da ölkəmizdə formalaşan münbit investisiya mühitinin dünyada təbliğinə xidmət edir”.

S.Abbasovun sözlərinə görə, Azərbaycan multikultural dəyərlərə malik bir ölkədir:

“Bakı Beynəlxalq Humanitar Forumunun əsas modellərindən biri də məhz Azərbaycanda baş verən multikultural proseslərlə bağlıdır. Dünyanın müxtəlif ölkələrindən gələn nüfuzlu şəxslər – siyasətçilər, iqtisadçılar, alimlər Bakı Forumunda iştirak edərək birmənalı şəkildə Azərbaycanda gedən proseslərin şahidi olurlar. Digər bir məqam isə ondan ibarətdir ki, Azərbaycanda son illərdə həyata keçirilən iqtisadi layihələr təkcə regional deyil, birbaşa olaraq beynəlxalq əhəmiyyət daşıyır. Bu da təbii ki, ölkəmizin beynəlxalq müstəvidə böyük nüfuza malik olduğunu təsdiqləyir. VI Bakı Beynəlxalq Humanitar Forumunu digərlərindən fərqləndirən müəyyən məqamlar da oldu. Bu məqamlardan biri də Forumda məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin, eyni zamanda, tədbir iştirakçılarının Bakıdan dünyaya verdikləri mesajların birmənalı şəkildə ölkəmizin siyasi gücünü bir daha nümayiş etdirməsidir”.