FotoGündəmKinoManşet

Şuranın dəstəyilə yaradılan QHTFilm.az saytı və NGOFilm mobil applikasiyası təqdim olunub – FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib.Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, QHTFilm.az saytı və NGOFilm mobil applikasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “QHT-lərin hazırladığı filmlərdən ibarət vahid bazanın yaradılması və sosial şəbəkələrdə təbliği” layihəsi çərçivəsində hazırlanıb.

C.Hüseynzadə qeyd edib ki, layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan filmlərin, video və sosial çarxların və digər vizual materialların vahid elektron bazasının formalaşdırılması və sosial şəbəkələrdə təbliğ edilməsindən bəhs edir.
İnternet resurslarına mobil cihazlardan girişin sürətlə artığını diqqətə çatdıran Cəsarət Hüseynzadə bu məqsədlə qhtfilm.az saytının mobil telefonlara uyğunlaşdırıldığını və eyni zamanda Android sistemli mobil telefonlar üçün NGOfilm mobil applikasiyasının hazırlandığını qeyd edib.
Natiq bildirib ki, yeni bazada QHT-lərin hazırladığı filmlər müxtəlif bölmə və janrlar üzrə qruplaşdırılaraq qhtfilm.az saytına daxil edilib: “Filmlər saytda janr, kateqoriya, çəkiliş formatı, dil, istehsal ili, müddət, təşkilat, rejissor və digər parametrlərə görə çeşidlənib. Həmçinin saytda xüsusi funksiya əlavə edilib ki, QHT-lər özləri də birbaşa hazırladıqları filmləri bazaya daxil edə bilsinlər”.

Layihə rəhbəri informasiyanın bugünkü bolluğu şəraitində mövcud video materialların oxucuya çatdırılması üçün müxtəlif forma və metodlardan istifadə edilməsinin vacibliyini bildirib. Filmlər həmçinin, layihə çərçivəsində yaradılan yutub və feysbuq səhifələrinə da daxil edilib və sosial şəbəkələr vasitəsi ilə filmlərin canlı yayımı təşkil edilib.

Layihə rəhbəri qeyd edib ki, bu günə kimi bazaya azərbaycan, ingilis və rus dillərində 100-dən çox film daxil edilib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov yeni yaradılan filmlər bazasının çox vacib iş olduğunu bildirərək, sayt yaradıçılarını təbrik edib. O qeyd edib ki, hər il Şuranın dəstəyilə QHT-lər xeyli sayda sənədli film, video və sosial çarx və digər belə məhsullar hazırlayır. Bunlar əsasən milli qəhrəmanların, vətənpərvərliyin, milli tariximizin təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, cəmiyyət üçün aktuallıq kəsb edən ictimai və sosial məsələlər və digər mövzulara həsr olunur. Bu video materiallar üçün vahid elektron bazanın olması, asan interfeys və kontentin yaradılması onların daha geniş izləyici auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki əvvəllər layihələr çərçivəsində hazırlanmış filmlər pərakəndə şəkildə yayılırdı. Bu da filmlərə baxış imkanlarını məhdudlaşdırırdı. İndi isə istənilən film barədə məlumat almaq və filmə baxmaq imkanı olacaq.”

Vətən naminə sənədli filmlər studiyasının rejissoru Etibar Məmmədov qeyd edib ki, yeni filmlər bazası QHT-ləri daha gözəl işlər görməyə vadar edəcək. Bu həm də təşkilatların işinə nəzarət imkanını yaradacaq. Filmlərə açıq baxış filmlərin peşəkarlıq səviyyəsinə təsirini göstərəcək, film studiyaları ilə QHT-lər arasındakı münasibətlərin yaranmasına imkan yaradacaq.
Tədbirdə çıxış edən QHT sədrləri, Akif Kərimov, Niyaməddin Orduxanlı, Xatirə Vəliyeva, Ziba Nəbiyeva, Zəminə Səfərova, Nailə İsmayılova, Mətanət Əsgərzı, Əkrəm Bəydəmirli, Mehriban Abdullayeva, İlqar İlkin, Firuza Əsədulayeva, İrada Polad və digərləri yaradılan saytın və mobil applikasiyanın QHT-lər üçün böyük xidmət olduğunu vurğulayıb, təkliflərini irəli sürüblər.
Tədbirdə layihə və sayt haqqında videoroliklər, həmçinin NGOfilm mobil applikasiyasının yüklənməsi və istifadə qaydaları haqqında video təlimat nümayiş olunub.
Tədbir müzakirələrlə davam edib.