AzMİU-da dizayn mövzusunda konfrans keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizaynın
müasir problemləri: İnsan. Dizayn. Mühit” mövzusunda II Respublika elmi-
praktiki konfrans keçirilib.
Universitetdən Aktor.Az-a verilən məlumata görə, konfransda Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, Azərbaycan
Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini
Dövlətxan Dövlətxanov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar
Şurasının sədri, professor Hamlet İsaxanlı, universitetlərin nümayəndələri,
ölkəmizin aparıcı istehsal müəssisələrinin təmsilçiləri, gənc təqdiqatçılar və
tələbələr iştirak ediblər.
Konfransı giriş nitqi ilə AzMİU-nun rektoru, professor Gülçöhrə
Məmmədova açaraq gələn qonaqları salamlayıb, konfransda qoyulan mövzunun bu
günümüz üçün aktual olduğunu deyib. Rektor dizayn elminin, eləcə də dizayn
sahəsinin sürətlə inkişaf etdiyini, bu sahənin istehsal müəssisələri və sosial
həyatımızın digər sahələri ilə vəhdətdə formalaşdığını söyləyib. O, dizayn
sahəsində ixtisaslı kadrların yetişdirilməsində AzMİU-nun gördüyü işləri diqqətə
çatdırıb. İtaliyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Milan Texniki
Universiteti ilə AzMİU arasında bağlanan memorandumun dizayn təhsilinin
inkişafına mühüm qatqısı olacağını, dizayn təhsilinin müasir Avropa ali təhsil
müəssisələrinin təhsili ilə bir sırada irəlliləməsinə imkan yaradacağını deyib.
Rektor hazırda magistatura səviyyəsi üzrə 3 ixtisaslaşma aparıldığını bildirib.
“Bakı Tekstil Fabriki” MMC-nin sədri S.Babayeva, Memarlar İttifaqının sədri,
professor E.Qasımzadə, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar
Şurasının sədri, professor H.İsaxanlı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədr müavini D.Dövlətxanov konfrans iştirakçılarını
salamlayaraq, konfransın önəmini qeyd edib, işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında AzMİU-nun Dizayn kafedrasının dosenti, memarlıq
üzrə fəlsəfə doktoru Sevda Dadaşovanın “Şəhər mühitində vizual informativ və
kommunikativ sahələrin transformasiyası”, AzMİU-nun Landşaf memarlığı
kafedrasinin baş müəllimi Fərid Kərimovun isə “Tarixi məkanların qorunub
saxlanılmasında dizaynın rolu” mövzusunda plenar məruzələri dinlənilib.
Sonra konfrans öz işini bölmələrdə davam etdirib.