Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən icra olunan “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirilib.
Abşeronda Regional Təhsil İdarəsinin Abşeron rayonu üzrə Təhsil sektorunun inzibati binasında keçirilən tədbirdə çıxış edən Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyinin sədri, “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsinin rəhbəri Reyhanə Hacıyeva tədbir iştirakçılarını salamlayaraq, təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib. Nəzərə çatdırıb ki, mövzu olduqca spesifikdir, amma buna rəğmən Agentlik hər il elan etdiyi müsabiqələrdə qadın sahibkarlarlığın biznes strukturlarında təmsilçiliyini əhatə edən lahiyələrə yer ayırır. Layihə rəhbəri həmçinin tədbirin ərsəyə gəlməsinə görə, Abşeron Rayonu İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
O, diqqətə çatdırıb ki, layihənin əsas məqsədi qadınların hüquq və maliyyə idarəçiliyi istiqamətində bilik və bacarıqlarının artırılması yolu yeni bizneslərin yaradılmasına, mövcud bizneslərin inkişafına və ümumilikdə iqtisadi artıma dəstək olmaqdır.
Reyhanə Hacıyeva xatırladıb ki, ölkəmizdə qadın sahibkarlığının inkişafı həm iqtisadi, həm də sosial baxımından xüsusi diqqət verilən mövzulardandır.Analoji layihələrin icrası qadın sahibkarlığının artmasına və dolayısı ilə yeni iş yerlərinin yaranmasına töhfə verəcəyinə inandığını vurğulayan layihə rəhbəri xatırladıb ki, hansısa biznesi qurmaq üçün əvvəlcədən lazım olan bilik və bacarıqlara yiyələnmək lazımdır. Biznesə başlamaq istəyən xanımlar üçün KOBİA və digər aidiyyatı strukturlar tərəfindən xüsusi təlimlər və mentorluq proqramlarının olduğunu vurğulayan layihə rəhbəri bu cür imkanlardan yararlanmağı tövsiyə edib.
Daha sonra Abşeron rayon İcra Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxış edərək mövzu ilə bağlı önəmli məsələlərə toxunub.Görüşdə iştirak edən Abşeron rayonundan qabaqcıl sahibkar xanımlardan olan Səbirə Qarayeva öz biznes təcrübəsini iştirakçılarla bölüşüb. Sonda tədbirdə təlimçi qismində iştriak edən Əli Tağıyev bazar araşdırılması və müvafiq qanunvericilik üzrə iştirakçıları məlumatlandırıb.
Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bölüşüblər, ekspertlərə suallarını veriblər.
Qeyd edək ki, layihənin icra müddəti üç aydır və bu dövrdə 3 rayon tədbiri, 3 maarifləndirici veriliş, həmçinin qadınların biznesdə təmsilçiliyinin təşviqini nəzərdə tutan sosial çarx hazırlanacaq.