GündəmManşetSiyasətXəbər xətti

MQF Sumqayıtda dəyirmi masa keçirib – FOTO

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 25 oktyabr 2017-ci il tarixində Sumqayıtın Tarixi Muzeyində “Regionlarda vətəndaş cəmiyyətinin inkişafı”adlı dəyirmi masa keçirib.

 

Aktor.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov tədbir iştirakçılarını salamlayaraq “Regionlarda vətəndaş cəmiyyətinin inkişafı” mövzusunda fikir bildirmiş və layihənin əhəmiyyəti barədə demişdir: “Belə bir tədbirin Sumqayıtda keçirilməsi təsadüfi hadisə deyil və qürurverici haldır ki, Sumqayıtda fəaliyyət göstərən QHT–lər ölkəmizin inkişafı, azərbaycançılıq məfkurəsinin geniş təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində layihələri uğurla icra edir. Ölkənin inkişafı vətəndaş cəmiyyətinin inkişafı deməkdir”. Son iki ildə Sumqayıtda aparılan infrastruktur layihələri barədə fikir söyləyən Fərman Kazımov eyni zamanda Sumqayıt şəhərində həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat vermişdir. Eləcə də bildirmişdir ki, yaxın zamanda YAP-ın yeni binasının istifadəyə verilməsi, Şəhər Bayraq Muzeyinin açılışının baş tutması, Kimyaçılar Mədəniyyət Sarayının yenidən bərpasının başa çatacağı və bir neçə sənaye müəssisələrinin açılışı gözlənilir. Sumqayıt QHT-lərinin layihələrini həyata keçirilməsinə Sumqayıt şəhər İcra Hakimiyyəti dəstək verir və daima dəstək verməyə hazırdır.

 

Daha sonra Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə dəstək verən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova təşəkkürünü bildirmişdir. Mili QHT Forumunun yaranış tarixi, məqsəd və fəaliyyətləri barədə məlumat verən Rauf Zeyni iştirakçılara vətəndaş cəmiyyətinin tarixi və əhəmiyyəti barədə danışmışdır. Azərbaycan Milli QHT Forumu barədə etraflı məlumat verən Rauf Zeyni “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda çıxış edərək bildirmişdir ki, vətəndaş cəmiyyətinin inkişafı olmadan heç bir inkişafdan söz gedə bilməz.

 

Rauf Zeyni bildirmişdir: “Sumqayıtın və digər rayonların sosial- iqtisadi layihələr çərçivəsində inkişafı çox qürurverici bir hadisədir. Regionların inkişafı ilə yanaşı vətəndaş cəmiyyyətinin də inkişafı ölkə siyasətinin əsas prioritet istiqamətlərindən biridir”. Ölkəmiz tərəfindən hər zaman QHT-lərə dəstək verildiyini qeyd edən Rauf Zeyni bildirmişdir ki, MDB məkanında ilk dəfə Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası yaranmışdır və bununla da Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaranmış və hər il vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət büdcəsindən maliyyə dəstəyi ayrılır. Bundan sonra MQF-nin bu il həyata keçirdiyi layihənin vətəndaş quruculuğunun inkişafı, QHT hərəkatının gücləndirilməsindən,QHT-lərə institusional sahədə xidmətlərin göstərilməsindən və onlara qayğısından ibarət olduğunu bildirmişdir. Bununla yanaşı MQF-nin 6 regional resurs və təlim mərkəzinin və MQF-də bir neçə mərkəzin fəaliyyət göstərdiyi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

 

Tədbirin sonunda mövzu ətrafında maraqlı müzakirələr aparılmış, müəllim və QHT nümayəndələri öz fikirlərini bildirmiş, mövzu ətrafında suallar cavablandırılmış və MQF ilə geniş əməkdaşlıq təklif olunmuşdur. Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət şüarı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.