DiasporGündəmManşetSiyasətVideo xəbər

V Beynəlxalq Qarabağ Forumu keçirilib – VİDEO

Avqustun 30-da Beynəlxalq Mətbuat Mərkəzində V Beynəlxalq Qarabağ Forumu keçirilib. SİA-nın xəbərinə görə, forumda Azərbaycan,Türkiyə, İran, Rusiya, Gürcüstanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Beynəlxalq Qarabağ Forumunun Azərbaycan təmsilçiliyinin rəhbəri, QAT sədri Akif Nağı tədbir iştirakçılarını salamlayaraq söyləyib ki forum təsis olunduqdan bugünə qədər qarşıya qoyulan məqsədlərə nail olmağa çalışılıb: “Bizim fəaliyyətimiz getdikcə genişlənir, artıq Türkiyə, Rusiya, İran, Gürcüstanda bu istiqamətdə qurumlar formalaşır. Çatışmayan tərəflər olsa da, qarşıya qoyulan məqsədlərə qarşı addımlarımızı atırıq. Məqsədimiz Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırmaq, müxtəlif ölkələrdə Azərbaycanın haqq işi ilə bağlı obyektiv ictimai rəyin formalaşdırılması üçün daimi fəaliyyət göstərən qurumlar yaratmaqdır. Biz bu istiqamətdə nəticələrə nail olmağa çalışırıq. Bununla Qarabağın azadlığı işinə öz payımızı verir, imkanımız daxilində əlimizdən gələni edirik”.

Forumda çıxış edən Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov deyib ki, Qarabağ həqiqətlərinin çatdırılması üçün nə qədər çalışsaq, yenə də azdır: “Azərbaycanın xaricdə fəaliyyət göstərən diasporları da bu istiqamətdə fəaliyyət göstərirlər. Bəzən xarici ölkələrdə Azərbaycan həqiqətləri ilə bağlı informasiyaların az olduğunun şahidi oluruq. Bu baxımdan biz birlikdə, daha geniş və sıx çalışmalıyıq. Azərbaycanın başına gətirilən müsibətlər dünya ictimaiyyətinə çatdırılmalıdır”.

Xaricdə ölkəmizin təbliğatının çox vacib məsələ olduğunu deyən şöbə müdiri qeyd edib ki, erməni yönümlü mətbuat ölkəmizə qarşı təbliğat maşınının işə saldıqda bunun qarşısının alınması istiqamətində biz daha geniş fəaliyyət ortaya qoymalıyıq: “Biz xaricdə yaşayan həmvətənlərimizlə yanaşı, orada yaşayan ziyalılarla əməkdaşlıq etməliyik. Bu baxımdan Forumun fəaliyyətinə uğurlar arzu edirik. Əgər bərabər çalışsaq düşünürəm ki, məqsədlərimizə də nail ola bilərik”.

Daha sonra çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə heyətinin üzvü Emin Həsənli Forumun çox önəmli olduğunu dilə gətirib. Onun sözlərinə görə, sosial media, QHT ictimai rəyə təsir edən əsas sahələrdir: “İctimai təyin formalaşmasında vətəndaş cəmiyyətinin rolu önəmlidir”.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğuni deyən E.Həsənli 1 milyondan çox hüququ pozulan vətəndaşlarımızın hüquqları bərpa olunmursa, bu, beynəlxalq aləmin sərgilədiyi ikili standartlardır: “Məlum dövlətlər lazım olduğu təqdirdə istədikləri ölkəni yerlə yeksan edə, lazımı qərar qəbul edə bilirlər. Amma həqiqətlərə gəldikdə xüsusəndə müsəlman ölkələrinə qarşı ədalətli mövqe ortaya qoymurlar”.

Şura nümayəndəsi qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz məqsədli siyasətini həyata keçirir: “Biz əminik ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində b torpaqlarımız tezliklə işğaldan azad olunacaq”.

Forumun davamında təşkilatı məsələlər, Koordinatorlar qrupunun seçilməsi, Qarabağlı bağlı aktual məsələlər, o cümlədən Qarabağ həqiqətlərinin təbliğində KİV-lərin rolu və digər məsələlər müzakirə olunub. Qeyd edək ki, Beynəlxalq Qarabağ Forumu 2015-ci ildə Bakıda təsis olunub, 2-ci toplantısı İzmirdə, 3-cü Gəncədə, 4-cü isə Ərdəbildə keçirilib.