Nigeriyada “İpək yolu” adlı Azərbaycan gecəsi keçirilib

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə bu ölkənin paytaxtı Laqosda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “İpək yolu” adlı Azərbaycan gecəsi keçirilib.

Təşkilatdan Aktor.Az-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar.

Laqosun Muson Musiqi Mərkəzinin direktoru Kitoye Ibare Akinsan əlamətdar yubileyi münasibətilə təbriklərini çatdırıb.

Tədbirdə Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bayramova çıxış edərək Cümhuriyyətin yaranmasının 100 illik yubileyinin respublikamızda və dünyanın müxtəlif ölkələrində geniş qeyd olunduğunu vurğulayıb. O bildirib ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən mütərəqqi islahatlar müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Ziyafət və konsert proqramı ilə davam edın tədbirdə Əməkdar Artist tarzən Sahib Paşazadənin, Fransada fəaliyyət göstərən pianoçu Səidə Zülfüqarovanın, tenor Josef Oparamanukinin və alban əsilli İsveçrə vətəndaşı, soprano Teuta Nikolet-dit Feliksin klassik və xalq mahnılarımızı, eləcə də əcnəbi musiqiçilərin əsərlərini məharətlə ifa etmələri hamının zövqünü oxşayıb.

Tədbirin iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, milli mətbəxi ilə bağlı təbliğat vasitələri təqdim olunub.

.