“Narkomaniya:çətin və erkən ölüm” layihəsinə start verilir

Dövlətçilik Ənənələrinin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Narkomaniya:çətin və erkən ölüm” layihəsinin icrasına başlayıb.Təşkilatdan Aktor.Az-a  verilən məlumata görə, layihə 3 ay müddətində həyata keciriləcək.

Bu gün bəşəriyyətin qlobal problemlərindən biri də narkomaniyadır. Dünyada bu gün narkomaniyadan əziyyət çəkən insan kütləsinin sayı milyonlarla ölçülür. Ölkəmiz də bu cür qlobal problemlərdən yan ötmür. Cəmiyyətimiz, dövlətimiz bununla həmişə mübarizə aparıb. Amma bu bəla ilə tək dövlətimiz yox, hamılıqla mübarizə aparmalıyıq. Ümümiyyətlə, narkomaniya cəmiyyətdə çox pis təsir göstərir. Bu xəstəliyə tutulmuş şəxslər tədricən özlərini cəmiyyətdən təcrid edirlər. Bu da onların ətrafındakı insanlara münasibətini dəyişir. Eləcə də ətrafdakı insanların onlara olan münasibəti dəyişir. Belə insanlara cəmiyyətin hər təbəqəsində rast gəlmək olar.Onların işlədiyi sahələrdə həm fəsadlar yaradır, həm də problemlərlə qarşılaşırlar.

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər – narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. İl əzində hər bir təcrübəli narkotik istifadəçisi 4 adam (nəfəri) narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Valideynlər və övladları arasındaki yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

Layihə çərçivəsində cənub bölgəsində – Cəlilabad və Masallı rayonunda 3 təlimin keçirilməsi nəzərdə tutulub.Görüşlərdə bu problemlə üzləşən şəxslərin, yaxınları və müvafiq qurumların nümayəndələrinin, həmçinin təşkilatın dəvət etdiyi ekspertlərin, psixoloqların  fikirləri dinləniləcək. Canlı ünsiyyətdə onların fikirlərinə, narahat olduqları məqamalara aydınlıq gətiriləcək.

Unutmaq olmaz ki, narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotik istifadəçiləri (narkomanlar) çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirmiş olurlar. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər.

Layihənin icrası nəticəsində gənclərin problemlərinin həlli yolları gündəmə gətiriləcək.

 

.