İki binanın sakinləri etiraza qalxdı – VİDEO/FOTO

Nəsimi rayonu 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsində yerləşən 2 və 4 nömrəli binaların sakinləri etiraz aksiyası keçiriblər. Sakinləri narazı salan  həyətlərində 16 mərtəbəli binanın tikintisinin nəzərdə tutulmasıdır.

Bina sakinlərinin sözlərinə görə, ərazinin Mənzil İstismar İdarəsinin əməkdaşları həyəti abadlaşdırmaq adı ilə öncə avtomobil duracaqlarının yerini dəyişiblər. MİS əməkdaşları söyləyiblər ki, uşaqların oynaması üçün yer düzəldirlər. Daha sonra isə məlum olub ki, onların niyyəti başqadır…

Sakinlərin müraciəti ilə Musavat.com-un reportyor qrupu olaraq əraziyə yollandıq. Müşahidə etdik ki, həqiqətən də binaların arasında olan kiçik ərazidə bəzi “abadlıq” işləri aparılıb, duracaqların yerləri dəyişdirilib, bir neçə ağac kəsilib. Lakin sakinlər qarşı çıxdığı üçün hələlik heç bir tikinti işinə başlanılmayıb.

Sakin Zakir Əliyev bildirdi ki, ərazidəki binaların kiçik bir həyəti var ki, orada da 16 mərtəbəli tikili inşa olunsa uşaqların oynaması, özlərinin hərəkəti üçün yer qalmır: “Ərazidəki üzbəüz binaların arasındakı bu kiçik yerdə uşaqlarımız oynayırlar, özümüz gəzirik, istirahət edirik. Burada çoxmərtəbəli bina tikilsə o zaman nəinki, hərəkət etməyə, heç nəfəs almağa da imkan olmayacaq. Bu, hansı tikinti qaydasına uyğun addımdır? İkincisi də burada sovet dövründən tikilən xeyir-şər evi də var ki, binada kiminsə yas mərasimi düşəndə həmin xeyir-şər evində edir. İndi öyrənmişik ki, bina tikmək üçün xeyir-şər evini də sökmək istəyirlər. Belə işmi olar? Camaatı nə üçün düşünmürlər? Əvvəl gəldilər, ərazidəki “qaraj”ların yerini dəyişdilər. Soruşduq ki, nə edirsiniz? Dedilər ki, uşaqların oynaması, əyləncəsi üçün yer düzəldirik. Ancaq sonradan öyrəndik ki, bunlar heç də bizim uşaqlarımızı deyil, özlərini düşünürlər. Ərazidə 16 mərtəbəli bina tikiləcək”.

30-dan çox sakin etiraz edərək bildirdilər ki, bina tikilən zaman onun hündürlüyü qədər digər binalarla arasında məsafə olmalıdır. Ancaq boş ərazi ilə oradakı  5 mərtəbəli binaların arasında heç 15 metr məsafə yoxdur.

Sakin Solmaz Əfəndiyeva söylədi ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra hakimiyyətinə müraciət ediblər: “Hazırda burada tikinti aparmaq istəyən fəhlələrin alətləri, əşyaları buradakı “qaraj”lardan birindədir. Sakitcə gəlib, ərazidə qazıntı aparıb, dirəklər basdırmaq istəyirdilər. Lakin qonşularla birlikdə buna qarşı çıxıb, onları qovduq. Sonrada qazdıqları yerləri doldurduq. İyunun 7-də 3 qonşu ilə birlikdə Nəsimi Rayon İcra Hakimiyyətinə yollandıq. Oradan bizə dedilər ki, güya tikinti işlərindən xəbərləri yoxdur. Bildirdilər ki, Bakı Şəhər İcra Hakimiyyətinə gedib, şikayətimizi ora bildirək. Oradan ayrılandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə getdik. İcra hakimiyyətində bizi bir xeyli gözlətdikdən sonra qəbul etdilər. Bildirdilər ki, əraziyə baxış keçirmək üçün nümayəndə göndərəcəklər. Lakin heç bir nümayəndə göndərilmədi. Əksinə, iyunun 8-də səhər saatlarında fəhlələr gəlib, yenidən qazıntı işləri aparmaq istədilər. Ancaq qonşular bu dəfə də işin aparılmasına imkan vermədilər”.

2 və 4 nömrəli binada yaşayan uşaqlar da etiraz aksiyasında iştirak edib, bildirdilər ki, onların oynadığı yeri əllərindən almasınlar: “Biz burada binanın tikilməsini istəmirik. Çünki oynaya bilcəyimiz tək yer buradır. Burada da bina tikilsə, biz futbol oynaya, velosiped sürə bilməyəcəyik”.

Yekun olaraq sakinlər bildirdilər ki, onlar həyətlərində tikinti aparılmasına icazə verməyəcəklər. Sona qədər mübarizə aparıb, bütün müvafiq instansiyalara şikayət edəcəklər.

.