Manşet

İTV-nin yeni Baş direktoru məlum oldu

Milli Televiziya və Radio Şurasının konfrans zalında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

Şuradan Aktor.Az-a verilən məlumata görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə seçki keçirilib.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktoru Balakişi Qasımov gələcək fəaliyyəti ilə bağlı açıqlamasında qeyd edib ki, məqsədi İctimai Televiziya və radionu müasir, innovativ media strukturuna çevirmək, ölkənin qabaqcıl kütləvi informasiya vasitələri sırasına çıxarmaqdır: “Televiziya və radio sahəsində uğur peşəkar komanda ilə sıx bağlıdır. Hazırda İctimai televiziya və radioda peşəkarlar çalışır və onlarla birlikdə tamaşaçı üçün daha maraqlı layihələr hazırlamağa çalışacağıq. Azərbaycanın inkişafının, cəmiyyətdə baş verən proseslərin işıqlandırılmasında, maarifləndirmə işində televiziya və radionun rolu əvəzsizdir. İctimai televiziya və radionun isə məqsədi adından da göründüyü kimi cəmiyyətə xidmət etməkdir. Biz bu işin öhdəsindən daha da yaxşı gəlmək niyyətindəyik”.