DiasporDünya

Fransa və İsveçrədə AXC ilə bağlı müsabiqə başa çatıb

Fransanın Annemas və İsveçrənin Cenevrə şəhərlərində Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçirilib. Diasporla iş üzrə Dövlət Komitəsindən Aktor.Az-a verilən məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş builki müsabiqədə qaliblərə ulu öndər Heydər Əliyev mükafatı da təqdim edilib.

Musiqi yarışına 3 kateqoriya üzrə 11 azərbaycanlı qatılıb və onlardan 5-i müsabiqənin laureatı və finalçısı olub. “Gənc pianoçular” kateqoriyasında iştirak edən həmyerlimiz Cehyun Əzizov və Albaniyadan olan Kostandin Taşko 1-ci yeri paylaşaraq Heydər Əliyev mükafatı ilə təltif olunublar və müsabiuqənin xüsusi mükafatını – Parisdəki Alfredo Korto adına Ali Musiqi Akademiyasında ödənişsiz təhsil almaq imkanını əldə ediblər. Digər həmyerlilərimiz Ramazan Hüseynov, Nərminə İsmayılova müsabiqənin finalçları sırasındadır.

Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsində ABŞ, Yaponiya, Azərbaycan, İndoneziya, Çin, Rusiya və Avropa ölkələri də daxil olmaqla 20 ölkədən 325 namizəd iştirak edib.

Dörd gün davam edən müsabiqənin açılışında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakçılara ünvanlanmış təbrik məktubu səsləndirilib. Beynəlxalq festival Fransa və İsveçrə mediasında geniş işıqlandırılıb və musiqi ictimaiyyətinin diqqətini cəlb edib.

Qeyd edək ki, 1996-cı ildən başlayaraq 2 ildən bir keçirilən müsabiqədə indiyədək 3000-dən çox pianoçu iştirak edib. Müsabiqənin münsiflər heyətində tanınmış musiqi xadimləri, səfirlər, bəstəkarlar, tənqidçilər təmsil olunub.

Azərbaycanın əməkdar artisti Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. 25 ildən çoxdur ki, Fransada yaşayan Adilə Əliyeva 50-dən artıq ölkənin konsert salonlarında çıxış edib, 30-dan çox kompakt-disk ərsəyə gətirib.