Səməd Seyidov istefa verməlidir – Ekspert

Ekspert Elxan Şahinoğlu Səməd Seyidov məsələsinə münasibət bidirib. Aktor.Az onun fikirlərini təqdim edir:

“Səməd Seyidov bugünkü mətbuat konfransında deyib ki, AŞPA-nın ona qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək. Halbuki, o Strasburqda son çıxışında demişdi ki, bu qurum ona lazım deyil, mən də elə həmin gün status paylaşdım ki, Sizə lazım olmaya bilər, ancaq bu qurumda üzvlük Azərbaycana lazımdır, çünki meydanı Ermənistana boş buraxa bilmərik. Ona görə də Səməd Seyidovun “Azərbaycan AŞPA-nın strukturları ilə əməkdaşlığı davam etdirəcək” sözlərini təqdir edirəm. O Strasburqdakı açıqlamasını korrektə etdi. Görünür, hakimiyyətin yuxarı pilləsində onu başa salıblar ki, Sən Azərbaycan deyilsən, dövlətin adından danışma!

İndi isə Səməd Seyidov bir başqa addım atmalıdır, yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir. Əslində bunu elə bugünkü mətbuat konfransında elan etsəydi yaxşı olardı. Azərbaycan AŞPA-da Ermənistanla döyüşür, sanksiya altında olan Səməd Seyidov bu mübarizədə bizə zərər verə bilər”.

.