GündəmManşetSiyasət

HEYDƏR ƏLİYEV-95

XX əsrin sonları Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi və xalqımızın tarixi taleyində müstəsna əhəmiyyətli dövr kimi əbədiləşmişdir. Məlum olduğu kimi bu dövr asan olmamış Azərbaycan üçün təlatümlü illər kimi tarixə yazılmışdır. Azərbaycanın Böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin bütün sahələrində böyük dəyişikliklər, islahatlar dövrü başlanmışdır. Hüquqi dövlət quruculuğunun vüsət alması, yeni ictimai-iqtisadi formasiyaya transformasiya, müasir dövlət təsisatlarının formalaşdırılması gərgin əmək hesabına başa gəlmişdir.

Bu dövrdə Azərbaycanın qarşısında çox böyük vəzifələr dururdu. Birincisi ölkə daxilində xaos, çaxnaşma və təbəddülatlara son qoyulmalı və sabitliyə nail olmaq lazım gəlirdi, yalnız bundan sonra Azərbaycanın xarici siyasətini qurmaq və ölkəni dünyaya sülhsevər və demokratik dövlət kimi təqdim etmək olardı. Bu zaman ermənilərin mürtəce təbliğatı nəticəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazı formalaşdırılırdı, Təcavüzkar Ermənistan ərazilərimizi işğal etməsinə baxmayaraq özünü zərərçəkən tərəf kimi təqdim etməsi vəziyyəti daha da çətinləşdirmişdi. Belə bir zamanda Heydər Əliyev dövlət başçısı seçildi.

 

 

Heydər Əliyev Azərbaycana uzun müddət rəhbərlik etmiş bir şəxs kimi ölkənin daxili və xarici siyasətinin prioritet məsələlərini dərindən bilirdi. Lakin zaman o zaman deyildi. Tarixi yenidən yazmaq lazım gələcəkdi və o bu tarixi yazdı da.

İndi müasir demokratik inkişaf yoluna qədəm qoymuş Azərbaycan Heydər Əliyev əmanəti olaraq göz bəbəyi kimi qorunmalıdır. Ümummilli Liderimiz “Azərbaycanın dövlət müstəqilliyini xalqımızın milli sərvəti kimi qiymətləndirir və onu qorumağı tövsiyə edirdi.

 

 

Daxili siyasətdə kütlə idarəçiliyi psixologiyasından müdrik dövlət idarəçiliyinə keçilməsini qeyd etməmək olmaz. Azərbaycanda belə bir fikir formalaşmışdı ki, hakimiyyətə gəlmək üçün yalnız xaos və çaxnaşma lazımdır. Heydər Əliyev demokratik seçki ənənəsinin başlanğıcını qoymaqla vəziyyəti  tamamilə dəyişdi.

Xarici siyasətdə dünya birliyi ilə əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanın informasiya blokadasından çıxarılması və dünya ictimaiyyətində haqqımızda yaradılmış mənfi fikirləri dağıtmaq lazım gəlirdi. Azərbaycanın belə bir zamanda dostu çox az düşmənləri isə kifayət qədər çox idi.

 

 

Heydər Əliyev dünyagörüşündə diplomatiyanın və xarici siyasətin gücü daxili siyasətin uğuru ilə düz mütənasibdir. Yeni dünya düzənində Azərbaycanın yerinin və rolunun müəyyənləşdirilməsi də məhz daxili və xarici siyasətin uğurundan asılı olacaq idi. Təbii sərvətlərdən və geostrateji vəziyyətdən yararlanma, onu milli maraqların tələbləri ilə tarazlaşdırmaq siyasi proqnozlaşdırma bacarığına malik Heydər Əliyev şəxsiyyətinə nəsib ola bilmişdir.

Siyasətin zor və gücə deyil, qanunların aliliyinə, sosial ədalət prinsiplərinə və hüquqa söykənməsi, beynəlxalq münasibətlərdə sülhə və humanist dəyərlərə, ziddiyyətlərin həll olunmasında diplomatik vasitələrə üstünlük verilməsi Heydər Əliyev siyasətini şərtləndirən xüsusiyyətlərdəndir.

 

 

Azərbaycan diasporunun əsasını qoyan H. Əliyev eyni zamanda dünya miqyasında ümumən türklərin diaspora fəaliyyətinin birliyi məsələsini də gündəliyə gətirmişdir. Milli –mənəvi birliyə, siyasi mütəşşəkkiliyə və mədəni –mənəvi beynəlxalq həmrəyliyə nail olmadan böyük mədəni xalq, tərəqqi etmiş millət olduğunu təsdiq etmək mümkün deyildir. Qloballaşma prosesini nəzərə alaraq Azərbaycanın dünyaya inteqrasiya etməsinin də  həyata keçirilməsi Ümummilli Liderimizin uzaqgörən siyasətinə daxil idi. Belə ki, iqtisadi və siyasi mənafelərin beynəlxalq miqyasda uzlaşdırılması Azərbaycana olan münasibəti yaxşılığa doğru dəyişməyə başladı. Ölkəmiz nəhəng beynəlxalq təşkilatlarda layiqincə təmsil olundu.

 

 

Xalqımızın dövlətçilik şüurunun günbəgün möhkəmlənməsi, onun intellektinin və siyasi mütəşəkkiliyinin yüksəlişi iqtisadi qüdrətlənmə fonunda milli maraqların təmin olunmasına yönəlmişdir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli strategiya və siyasi kurs öz optimallığını təsdiq edərək Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun təbirincə desək ”Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır, xalqa, millətə xidmət etmək, ölkəmizi gücləndirmək, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək Heydər Əliyev siyasətinin əsas istiqamətləridir. Biz bu siyasətə sadiqik”

Xalqımızın milli-mənəvi gücünü təcəssüm etdirən Heydər Əliyevə görə Azərbaycan qərb yönlü müasir milli-demokratik dövlət quruculuğu yolu ilə gedəcəkdi. Eyni zamanda Türk və İslam dünyası ilə münasibətlərin optimal həddə gətirilməsi siyasəti qurulmalı idi.

Türkçülük, Müasirlik, İslamçılıq prinsiplərindən çıxış edərək Heydər Əliyev istər daxili siyasətdə istərsə də xarici siyasətdə bu prinsipləri daha da inkişaf etdirərək müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi yollarını müəyyənləşdirdi.

 

 

Türk dünyası ölkələri ilə əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasındakı xidmətləri ilə eyni zamanda çoxşaxəli fəal xarici siyasətdə bütün istiqamətlərdə Azərbaycan yenidən quruldu və tanındı.

2007-ci il noyabr ayının 17-də Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında yekun hesabatın qəbul olunması və konkret qərarların gündəliyə gətirilməsi də Heydər Əliyev siyasətinin məntiqi davamı və böyük nailiyyəti kimi xarakterizə oluna bilər. Necə ola bilər ki, sayı, ərazisi və qabiliyyətləri dəfələrlə türk millətindən az olan ermənilər bu böyük dünyaya meydan oxuyurlar. Məlumdur ki, milli mütəşəkkilliyin zəifliyi və türk xalqları arasında inteqrativ əlaqələrin güclü olmaması, qeyri-millətlərə qarşı ifrat humanizm düşmənlər üçün boşluq və münbit şərait yaratmışdır. Məhz bu səbəbdən reallıqları dərindən dərk edərək Heydər Əliyev “Öz hüquqlarını bilən ən kiçik xalq belə böyük xalq qədər güclü ola bilər” fikrini bəyan etmişdir.

Böyük bir  mövzudan qısaca bəhs etməklə tərəfimizdən Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Böyük Türk dünyası haqqındakı ideya və düşüncələrinin uzaqgörən, yaxın və uzaq hədəflərə köklənmiş düşüncə olduğuna diqqət yönəltməkdir. Eləcə də Azərbaycanın tarixini bu günümüzlə qovuşduran, vətənimizin parlaq gələcəyini müəyyən edən  qüdrət və əbədiyyət yolu Ulu öndərimizin siyasi kursu ilə sıx bağlı olduğu şübhəsizdir.

 

 

Şəhla Qarayeva,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı