Bakıya qarşı 2,9 milyardlıq hücum

2003-cü ildə Türkiyənin siyasət səmasında parlayan Rəcəb Tayyib Ərdoğan xarici müdaxilələrə son qoymaq üçün tarixi bir fikir söylədi. O, ölkəsinin siyasi gündəliyini özləri formalaşdıracağını bir nömrəli vəzifə elan etdi.

Nəzəri ifadənin alt qatında nəyin gizləndiyi sirr deyildi. Onda hələ Ergenekon, Balyoz və FETÖ davası üfüqdə belə yox idi. Lakin təkcə son 33 ildə – bir qərinədə axan qanlı sular və bir-birini əvəzləyən hökumətlərin əsas simaları – Eceviti, Dəmirəli, Ərbakanı ən sevimli silahla, ordu ilə idarə edib Ağ Evin direktivlərini onların beyninə yeridirdilər. Generalitet siyasətin üstünə çıxdığından dövlətin birinci şəxsinin millətçi, ya liberal olması nəyi isə dəyişmirdi.

2018-ci ilin Azərbaycanında da gözlənilən hakimiyyət turu daxili sabitliyinin 25 illiyini qeyd edən bir Qafqaz ölkəsinin taleyinin Biləcərinin o tayında fövqəladə əhəmiyyət daşıdığını göstərirdi.

Bəli, siyasət maraqları idarəetmə sənətidir. Yoldaş Suxovun dediyi kimi, Şərq – incə məsələdir, axı. Üç imperiya varisinin əhatəsində olan Odlar diyarının hansı coğrafiya və resursla manevr edəcəyi isə kimisə maraqlandırmır. Rus ayısı, türk boz qurdu və fars aslanı arasında sərt dönmələr etsən, özünü yemə çevirərsən. Onda fərqli yanaşma istədiyin paytaxtlar gəlib üzvü olduğun müsəlman camiəsini savaşın içindən çıxarmayacaq.

 

 

İlham Əliyev Qərbdə ona qarşı hazırlanan kompromat savaşı ilə Brüsselin və ya Berlinin hansı havaya girdiyini yaxşı bilirdi. Əvvəlcə Strasburqdan yayılan ultimatumlar və baş katib Yaqlandın hədələri, daha sonra 2.9 milyard dollarlıq hücum və informasiya məkanında ağır artilleriya sayılan Britaniya mediasının işə qoşulması rəsmi Bakıda ona qarşı “iri ağızlı tələ”lərin hazırlandığını görməyə imkan verirdi. Oturub gözləmək olmazdı. Sörfinq yarışması kimi, siyasi dalğaların axınını tutmasan, indiki Ermənistan kimi üzərində geopolitikanın toqquşan qığılcımlarını hiss edəcəksən.

Bir yandan da ABŞ senatorları ilə sıx şəkildə işləyən və hər gününü Kürdəxanıdan əsən küləklərlə açan sabiq diplomatlar – Riçard Kozlariç və Devid Kramer Konqresin başı üzərində dayanıb bir ada dövlətini dünyadan təcrid etməklə qorxudurdular. Məgər 1992-ci ildə azərbaycanlıların azadlığına dəstək verməyən Buş hökuməti rus tanklarının üstündə Yevlaxa girmək istəyən ermənilərin hansı demokratiyaya qadir olduğunu bilmirdilər ki? Sözsüz ki, bilirdilər. Amma o vaxtlar Abşeron yarımadasında elə qızmar savaş vardı ki, Kapitoli təpəsindən gələn təhlükələri qarşılamağa kiminsə halı və həvəsi yox idi.

Yaqlandın israrı ilə İlqar Məmmədovu məhbəsdən çıxarmaq istəyi qətiyyən ölkədaxili vəziyyəti dəyişəsi deyildi. Dəmir barmaqlıqların məhşurlaşdırdığı hər kəs ordan birbaşa Nelson Mandela kimi çıxmır və bütün intellektual göstəricilərinə baxmayaraq, ReAl klubunun sədri rus dekabristləri kimi sadəcə kiçik bir məkanda üsyan qaldırıb diqqət çəkməyə qadir idi. Üstündə ağır cinayət maddəsi ona rəsmi siyasi kampaniyalarda iştirak etmək hüququ vermirdi. Deyəcəksiz nə olsun? Yuliya Timoşenkonu da Maydan hərəkatı öz qoynuna alıb birbaşa tribunaya, sonra da Ali Radaya gətirmişdi. Lakin İlqar Məmmədovun azadlığı şəxsi məsələ olmaqdan çox, Strasburqun oyun şərtlərini Azərbaycan prezidentinə diqtə etmək cəhdiydi. Yəni, görün, sizi necə idarə edirik.

Sonrakı addımlar – gələcək seçkilərdə hökumət və qanunverici orqanda təmsil olunacaq adamların siyahısı isə zaman və zövq məsələsiydi. İnanmırsız? Məgər, Kiyevin yeni elitasını xalq müəyyənləşdirmişdi? Viktoriya Nulandın bədbehbəyt siması və qorxunc sifəti bütün postsovet səmasından hələ də çəkilməyib. Vaşinqton obkomundan verilən əmrlər icra olunmalıdır. Əks halda, Yanukoviçin gününə düşərsən.

Bakı hərəkətə keçərək, əvvəlcə böyük neft oyununu öz xeyrinə həll etdi. Rusiyanın ağır iqtisadi-siyasi sanksiyaları üzərinə Putinin yaxın komandasının ondan üz döndərməsi üçün verilən sərt qərarlar qətiyyən İlham Əliyevi seçim qarşısında qoymadı. O, iqtisadiyyatın sərt qanunlarını və rəhbərlik etdiyi dövlətin mənafeyini uzun illər çox məharətlə qoruduğundan Kremlin qəzəbinə tuş gəlməyəcəyini dəqiq hesabladı.

Hər halda öz sərhədlərinə doğru sıxışdırlan Moskvanın siyasi məkanı daralanda onun daha da aqresivləşəcəyini düşünmək dahilik olmazdı. Çünki sovet rejimi çökəndə Xəzəri Qərblə paylaşan böyük Heydər Əliyev nəinki yerləşdiyi regionun, eləcə də bütövlükdə bir qitənin iqtisadi-siyasi xəritəsini dəyişdi. Onda siyasətin patriarxını Yeltsinin tankları qorxuda bilməmişdi. Gecə saatlarında Bilgəhin dəniz yellərini və sahilə çırpılan dalğaların ləpirlərə necə sığal çəkdiyini seyr edən dünya şöhrətli Zbiqnev Bjezinski Ağ Evin o vaxtkı sahibi Bill Klintona telefon edərək, az qala 2-ci Dünya müharibəsinin qələbə raportunu vermişdi: ”Müqavilə imzalanacaq”.

 

 

Bu dəfə də belə oldu. 14 sentyabrda hələ köhnə razılaşmanın müddətinin başa çatmasına 6 il qalmış yeni imzalanma mərasimi aydın səmada ildırım effekti doğurdu. Hasilatı hər gün azaldan və təzə laylara vəsait qoymağa xəsislik edən şirkətlər ayrı qitələrə boylanınca, Bakı öz çevik qərarını verdi. BP, Şevron, Statoyl, EksonMobil və digər nəhənglərin hamısı Heydər Əliyev Mərkəzində gələcək prezidentlə hələ uzun illər birgə işləyəcəklərinin tamtəraqlı anonsunu verirdilər. Ardınca İlham Əliyevin Avropa Şurasından çıxmaq haqda mesajının və noyabrın 23-də keçiriləcək Brüssel sammitinin əsas qayğıkeşləri olan 28 dövlətin diplomatları bir araya gəlib intizarla özlərini prezidentin iqəmatgahına çatdırırlar. Zirvə görüşünə getməmək, uzun illər aparılan siyasətin iflası uğraması demək olardı. Birdən “kimdir yaxın qonşular” soruşsa, nə deyərsən? Məgər, Berlin və Bakı bir məhəllədə yerləşir?

Yox, əlbəttə ki. Əsas odur ki, hər ikisi Moskvanın əleyhinə olsun. Lakin hər zamankı kimi, oğul Əliyev bu dəfə də soyuqqanlıdır, gələcəyi aydın görür və Avropa Birliyi ilə indiyədək keçilən yolu geri qayıtmayacağını bəyan edərək, öz şərtlərini diqtə edir: Qarabağa görə suverenlikdən güzəşt tələbi olmayacaq, bir də ki, regional şərait nə zaman yol versə, müqavilə onda imzalanacaq. Bu artıq 2-ci qələbədir. Hətta bəlkə 3-cü. Bir vaxtlar Ermənistan Evrazesə qəbul olunanda Nazarbayev erməni başçısına eyni şapalığı vurmuşdu. Lenti bir qədər irəliyə çəkib deyək ki, Serj Sarkisyanın qalib ədası ilə 2000 səhifəlik sənədi paraflayaraq, Qərbi bizim əleyhimizə qaldıracağını düşünməsi cəmi 5 ay sonra 23 aprel 2018-ci il tarixdə onu gözləyən siyasi qətliamın özü idi. Ölüm fərmanını imzaladığını anlamaq üçün Serjin indi yetəricə vaxtı var.

 

 

Rusiya və İranla qitələrəarası layihələrdə birləşən Azərbaycan Qərbin avantürasına getməyib öz geopolitik üfüqünü dəyişmədən Avropa Birliyinin tərəfdaşı olmağın mümkünlüyünü göstərən kimi artıq siyasi təqvimdə dəyişiklik edib prezident seçkilərinin vaxtını irəli çəkməyə qərar verə bilərdi. Onda hələ nə Skripal zəhərlənmişdi, nə də Əsədin anbarlarında olmayan kimyəvi silahları bəhanə edib ona qarşı yeni zərbələr vurulmuşdu. Bakı əleyhinə Berlin və Parisin küçələrində təşkilatlandırılan “mühacirət müxalifəti” və ağzı zibilli məxluqların hərəkatı da hakimiyyəti öz qərarından daşındıra bilməzdi. Vaxtilə çox ucuz qiymətə satılmış səfir Arif Məmmədov, zombiləşdirilərək balaca bir düşərgə sığınıcağından məmləkəti terrorla hədələyən Vidadi İsgəndərli və bir neçə virtual səfilin apardığı kampaniya heç nəyə yaramırdı. İlham Əliyevin təyin etdiyi seçkilərə xalq gəldi, onu böyük səs çoxluğu bir daha özünün lideri elan etdi və nəticələri hamıya qəbul etdirməyi bacardı. Bəli, millətin iradəsi heç bir qitəyə baxmadı – yaxud, nə məmur özbaşınalığına, nə də tabağındakı çörəyə taxılmadı. Vətəndaş öz dərin fəhmi ilə ona qarşı hazırlanan ssenariləri pozdu və növbəti dəfə Əliyev erasının davamlılığına imza qoydu.

Bundan sonra ATƏT adlı köhnə sovet kontorunun müfəttişlərinin verdiyi yarımhərbi, yarımkəşfiyyat hesabatını ilk olaraq, elə həmin Qərbin başçıları ayaqları altına salıb tapdaladılar. Əvvəlcə, Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk, daha sonra barışmaz sovet casusu və müxalifətin ideya pərisi rolunu üzərinə götürən Yaqland təbrik teleqramlarını İlham Əliyevə yola salmağa tələsdilər. Həmin adamları xəyanətdə suçlandıran satqın Arif Məmmədov isə həbəş dili ilə donquldanaraq, uzun müddət onu kimiləri tilov qurduna çevirənləri yamanlamaqdan başqa əlacı qalmadı. Onların ümid bəslədiyi avropalı “obexeyis”lərin demokratiya testindən nəticələri Strasburqda heç kəsə lazım olmadı. Əgər Yaqland ram olunubsa, onda Robert Sekutanın hələ Binə hava limanını tərk etməmiş sərgilədiyi sirli-sehrli təbəssümünü və seçkilərin təyin olunmasına verdiyi reaksiyanın səbəblərini başa düşmək çətin deyil.

İlham Əliyev təkcə 8 namizədin arasında deyil, eləcə də regional və beynəlxalq mübarizənin içərisində BÖYÜK SAVAŞI QAZANAN TƏK İSİMDİR. Bu onun halal haqqıdır. Çünki 11 apreldən sonra ölkəsinə qarşı sanksiyalar gözləyən antihakimiyyət qüvvələrindən fərqli olaraq, onun qələbəsi fərdi deyil, milli xarakter daşıyır. O, Makron və Merkeldən aldığı təbrikləri də xalqın aktivinə yazır. İndi sanksiyalar və təbriklərin ünvanını özünüz yerbəyer edə bilərsiz. Moskvaya belə qıyılmayan, hətta sırf diplomatik etiket mənasını daşıyan protokol sözlərinin əvəzində ünvanına xeyli isti mesajlar yazılan adam bölgə siyasətinin fövqündədir.

Bəli, Qərb yaxşı anlayır ki, İlham Əliyevin alternativi xaosdur. “Tək adam” deyib yamanlayanlar da, bəzən “ikihakimiyyətlilik” deyib ona ən əziz ailə üzvünü qarşı qoymaq istəyənlər də vahid bir komandanı və dağılmaz elitanı qarşılarında görüb təəccüblənirlər: axı o, bunları necə bacarır?!

 

 

İndi isə yeni hökumət quran lider özünü fəal siyasi döyüşlərə və ambisiyalı hədəflərə doğru hazır hiss edir. Liderlik belə olur, cənablar! Uzun bir yol qət edirsən və nəticəni hamıyla bölüşə bilirsən! Əvəzində dünən ona rəqib olanların miskin bəyanatları saxta pul kimi qulaqlarda cingildəyir. Sən demə, erməni xalqı qalxıbsa, bu keçmiş cəbhəkratiyanın son qəlpələrinə də mübarizə ruhu verəcək. Dəhşətə bir baxın. Dünənə qədər düşmən dediklərindən indi nümunəyə səsləyirlər. Demə, Ermənistan bütün iqtisadi-sosial paralemetrlərə görə Azərbaycandan üstündür. Millət də ayağa ona görə qalxıb ki, yaxşı yaşayışından şikayətçidir. Yüz minlərlə insanın İrəvanı tərk etməsinin səbəbi də xoş güzəran sürməsindəndir. Yəqin, Qəbələ RLS-i öz ərazisindən çıxaran Bakı deyil, Gümrüdəki ordular da Azərbaycanın ərazisini və təhlükəsizliyini qoruyur, Rusiya şirkətlərini öz ərazisinə məhdud səviyyədə buraxan, seçkilərdən sonra birinci Ankaraya “qardaşlıq səfəri” edən də qonşu ölkələrin rəhbərləri imiş… Nə qədər absurd və cəfəng arqumentləri eşitmək olar… Bir nəfər də onlara demir ki, nə xalq sizi seçir, nə Qərb, nə də Şərq.

Nə Amerikaya lazımsınız, nə də Çinə..

Gələcəyi qeyri-müəyyənlik içərisində olan indi kimdir?

P.S. Yazı klaviaturadan çıxan zaman Donald Trampın İlham Əliyevə təbriki hələ dərc edilməmişdi.

.