ManşetMediaSiyasətXəbər xətti

Deputat Ombudsmanın məruzəsinə irad bildirdi

Millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilmiş plenar iclasında İnsan Hüquqları üzrə Müvəkkilin illik məruzəsinə dair çıxışı olub.Aktor.Az onun məruzəsini təqdim edir:

“Mən də hörmətli müvəkkilimizin illik məruzəsi ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Məruzə ilə tanışam. Komitəmizdə müzakirə etmişik, bəyənmişik. İndi də diqqətlə dinlədim. Beləliklə məruzədə ombudsmanın ümumi fəaliyyəti ilə bağlı dolğun məlumat əksini tapıb. Müsbət haldır ki, bu dəfə görülən işlər digər illərdəki görülən işlərlə müqayisə edilərək təhlillər aparılıb. Bunlar çox yaxşıdır. Buna görə də Elmira xanıma, məruzəni hazırlayanlara böyük təşəkkür düşür.

Çox təəssüf ki, bu fikirləri məruzənin informasiya əldə etmək azadlığı bölməsi ilə bağlı söyləyə bilmirəm. Görülən işlərdən söhbət açmaq əvəzinə burada ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alıb.

Mən ötən il müvəkkilin hesabatı müzakirə olunarkən bildirmişdim. Yenə də həmin fikrimin üstündə qalıram. Nə qədər ki, Ombudsman məlum qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirə bilmir, belə də olacaq.

Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir. Cənab Prezident İlham Əliyev bunu dönə-dönə vurğulayıb. Dövlət bu istiqamətdəki proseslərə hər zaman böyük önəm və dəstək verib. Belə olan halda Müvəkkilin informasiya əldə etmək haqqında qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Artıq neçənci ildir ki, hesabatda Ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşməsi, bu məqsədlə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Məsələ ciddi şəkildə öyrənilməlidir. Kimdir məsələdə maraqlı olmayan, bunu bilməliyik.

Hesab edirəm ki, bizlər parlament səviyyəsində məsələyə münasibət bildirməliyik. Bu, Elmira xanımın perspektiv fəaliyyətinə də dəstək olar.

Deyəcəklərim bu qədər. Arzu edərdim, istəyim odur ki, növbəti məruzədə Ombudsmanın fəaliyyətində qeyd etdiyim bu məqamlar da yer alsın.