Bu komissiyada dinləmələr Ermənistanın maraqlarına xidmət edir – DEPUTAT

ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də keçirməyi planlaşdırdığı “Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu” mövzusunda dinləmələr yalnız Ermənistanın maraqlarına xidmət edir.Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov bildirib ki, Helsinki Komissiyasına rəhbərliyi Kristofer Smit həyata keçirir: “Kristofer Smitin adı bizim üçün çox yaxşı tanışdır, o, ermənipərəst mövqedə olan, erməni lobbisi və diasporunun əlində alətə çevrilmiş şəxsdir. 1992-ci il oktyabr ayının 24-də ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin hazırlanmasında və qəbul edilməsində də Kristofer Smit çox böyük fəallıq nümayiş etdirib. O, eyni zamanda beynəlxalq aləmdə, dünyanın ayrı-ayrı ölkələrinin parlamentlərində qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində çox fəallıq nümayiş etdirib. Kristofer Smitin bütün fəaliyyəti Azərbaycan və Türkiyə əleyhinə yönəlib və Ermənistanın mənafeyini müdafiə etməyə istiqamətlənib”.

 

Deputatın sözlərinə görə, Helsinki Komissiyasında indi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin keçirilməsinin əsas məqsədi isə birinci növbədə ABŞ-dan Ermənistana və onun yaratdığı separatçı rejimə daha böyük həcmdə maliyyə ayrılmalarına nail olmaq, separatçı rejimin mövqelərini möhkəmləndirmək və bütövlükdə münaqişənin tənzimlənməsi prosesindəki status-kvo vəziyyətini maksimum qoruyub saxlamaqdır: “Bu fəaliyyətin məqsədi həm də Azərbaycanı beynəlxalq aləmdə tamamilə fərqli formada təqdim etmək, guya ölkəmizin aqressiv siyasət yeritdiyi, münaqişəni dinc yolla deyil, yalnız hərbi yolla həll etmək niyyətində olduğu və s. bu kimi həqiqətə zidd olan, Ermənistanın maraqlarına xidmət edən bir mövqe ortaya qoymaqdır. Bizim üçün bu hadisələr yeni deyil. Azərbaycan ictimaiyyəti bu qüvvələrin əsl mahiyyətini çox yaxşı bilir. Bu qüvvələr eyni zamanda, onu istəyirlər ki, Azərbaycandakı inkişaf, ictimai siyasi sabitlik, təhlükəsizlik mühiti pozulsun. Onların niyyəti idarə olunan xaos vəziyyəti yaratmaqdır. Amma onların bu niyyətləri heç vaxt baş tutmayacaq. Xalqımız müdrikdir, ağı qaradan seçməyi bacarır. Xalqımız yaxşı bilir ki, bu dinləmələr yalnız Ermənistanın maraqlarına xidmət göstərir”.

 

Qeyd edək ki, Helsinki Komissiyasına ABŞ-da erməni lobbisi ilə sıx münasibətdə olan Kristofer Smit rəhbərlik edir. K.Smit həmçinin, daha əvvəl ABŞ Konqresinin Helsinki Komissiyasına təqdim etdiyi antiazərbaycan qanunu layihəsinin təşəbbüskarı olub.

.