Xəbər xətti

Cəlil Xəlilov prezident fərmanına münasibət bildirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır” şüarını müntəzəm olaraq gördüyü işlərlə gerçəkləşdirir. Dövlətimizin başçısı hər bir vətəndaşın, imtiyazlı təbəqənin, Vətən və xalq qarşısında xidmətləri olan şəxslərin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial məsələlərinin həllini hər zaman prioritet vəzifə hesab edir. Dövlətimizin başçısının bu gün imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman bu istiqamətdə növbəti mühüm addımdır.

Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Cəlil Xəlilov qeyd edib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların sosial müdafiəsinin etibarlı təmin edilməsi üçün şərait yaradıb. Hərbi sahədə həyata keçirilən islahatlar, müasir hərbi infrastruktur, eləcə də hərbi kadr potensialının yüksəldilməsi sahəsində görülən işlər göz önündədir. Bunların əyanı sübutu isə 2016-cı ilin aprel döyüşlərində ordumuzun parlaq zəfəridir. Regionun ən güclü ordusu olan Azərbaycan ordusu peşəkar kadrlara və müasir silahlara malik olması ilə seçilir. Əminliklə deyə bilərik ki, respublikamızda ordu quruculuğu yüksələn xətlə həyata keçirilir. Artıq bir sıra dövlətlər Azərbaycanın ordu quruculuğu sahəsindəki təcrübəsindən silahlı qüvvələrinin formalaşdırılmasında istifadə edirlər. Digər tərəfdən, hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və başqa istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. Ümumiyyətlə, hərbi sahə ilə bağlı məsələlərin kompleks həlli Azərbaycanda müntəzəm surətdə uğurla aparılan dövlət siyasətidir. Bu istiqamətdə həm qanunvericilik, həm icra orqanları tərəfindən mühüm işlər görülür.

Cəlil Xəlilov diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarına sahib çıxması, xüsusən ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməsi bu fəaliyyətin bariz və qürurdoğuran nəticəsidir. Azərbaycan Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı həmin sahədə həyata keçiriləcək tədbirlərin uğurlu davamıdır. Təsadüfi deyil ki, bu, Prezident İlham Əliyevin yeni dönəmdə səlahiyyətlərinin icrasına başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Prezident İlham Əliyev bununla Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verdiyini bir daha sübut etdi. Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödəmə veriləcək. Bu Fərman Ali Baş Komandanın Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarını qurban vermiş hərbçilərimizin vərəsələrinə diqqət və qayğısının bariz nümunəsi olmaqla yanaşı, həmçinin sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır. Prezident İlham Əliyev bu Fərmanla bir daha təsdiq etdi ki, Azərbaycan vətəndaşlarının qayğı və problemləri dövlətin daim nəzarətindədir. Dövlətimizin başçısının bu məqsədlə həyata keçirdiyi ardıcıl sosial siyasət gələcəkdə daha da gücləndiriləcək.