FotoXəbər xətti

AzMİU-da 31 mart soyırımı qurbanları anılıb

Martın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)İctimai fənlər kafedrasının təşkilatçılığı ilə tələbələr üçün 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib.

Universitetdən Aktor.Az-a verilən məlumata görə,konfransı açıq elan edən İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva konfransın dövlət başçısı İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Tarixə nəzər salan K.Əliyeva 1918-ci il martın31-də törədilmiş qətliamların Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qaldığını söyləyib. O, 1905, 1907 və 1918-ci illərdə davamlı şəkildə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım siyasətinin kökündə müsəlmanlığa və türklüyə qarşı yönələn böyük nifrətin dayandığını vurğulayıb.Bunun nəticəsi olaraq ermənilərin müxtəlif dövrlərdə xalqımıza qarşı kütləvi təmizləmə siyasətini fərqli formalarda həyata keçirdiklərini, bunun qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib.

Kafedranın baş müəllimi İzzətxanım Musayeva çıxışında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların tarixi köklərinin 18 və 19-cu əsrlərə dayandığını və 200 yüz ildən artıq bir dövrü əhatə etdiyini deyib.Azərbaycanlılara qarşı törədilmiş soyqırıma ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdırıb. İ.Musayeva xalqımızın başına gətirilən qırğınlarla bağlı tarixi sənədlərin toplanması, tarixçilər tərəfindən tarixi faktlarla sübuta yetirilməsində dahi liderin əvəzsiz rolunu vurğulayıb. Sovetlər dönəmində ermənilərin hər vəclə tarixi sənədləri yox etmək cəhtindən danışıb.

Kafedranın müəllimi, professor Dilqəm İsmayılov ermənilərin soyqırım siyasətini təkcə Şimali Azərbaycanda həyata keçirmədiklərini, həmin dönəmdə Cənubi Azərbaycanda yaşayan 300 mindən çox soydaşımızın da ağır işgəncə və əzablarla öldürüldüyünü konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Nəqliyyat fakültəsinin tələbəsi Nazənin İsmayılova, İnşaat-texnologiya fakültəsinin tələbəsi Günay Abbaszadə, Memarlıq fakültəsinin tələbələri Aysel Rzayeva, Rəşad Mahmudov və digər tələbələrin azərbaycan, rus və ingilis dillərində hazırladıqları Bakı, Şamaxı, Quba, Gəncə, Qarabağ, Cənubi Azərbaycan ərazisi olan Urmiya, Xoy, Ərdəbil, Təbriz və başqa qəzalarda ermənilərin törətdikləri vəhşiliklərin ağır nəticələrindən bəhs edən mühazirələri dinlənilib.