“Söyüş layihəsi”nin arxasında duran “general” kimdir? – sensasion iddia!

Xaricdə yaşayan və artıq adları hamıya bəlli olan dəstə üzvlərinin icra etdiyi “söyüş layihəsi” cəmiyyətdə ciddi tənqid və təpki ilə qarşılandı. QHT, KİV təmsilçiləri, siyasətçilər, ziyalılar vahid mövqedən çıxış edərək, kampaniyanın anti-Azərbaycan, anti-milli xarakter daşıdığını açıq göstərdilər.

“Virtual terroristlərin” həmlələri bilavasitə ölkədə sabitliyin və inkişafın qarantı olan Prezident İlham Əliyevə, onun ailəsinə, həmçinin, dövlət başçısının sadiq komanda üzvlərinə qarşı yönəlib və “Azərbaycanda demokratiya quruculuğuna dəstək” vermək kimi absurd şüarlarla pərdələnib. Amma ictimai aktiv təbəqə onların ümumilikdə Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş kampaniya apardıqlarının fərqinə vardı.

Azərbaycanda demokratiyanın olmadığını iddia edənlərin məqsəd və məramları bəllidir, hamının tanıdığı və bildiyi bu qüvvələr, dairələr, mərkəzlər, qruplar və fərdlər barəsində xüsusi söhbət açmaq üçün ciddi əsas yoxdur. Əsas odur ki, cəmiyyətimiz mövcud sistemi qəbul edir və dəstəkləyir; onu söküb yenisini qurmaq kimi istəyi də yoxdur. Amma Azərbaycan xalqının dünyaya tanıtmaq istədiyi, beynəlxalq ictimaiyyətin dəstəyini umduğu onlarca problemi var: işğal altında saxlanılan torpaqlarını, əsir-girov götürülmüş vətəndaşlarını azad etmək, Xocalıda soyqırımının səbəbkarlarının cəzalandırılmasına nail olmaq, bir milyondan artıq qaçqına layiqli həyat şəraiti təmin etmək və s. Beynəlxalq aləmin diqqətini bu problemlərə yönəltmək üçün xaricdə yaşayan soydaşlarımız əhəmiyyətli rol oynaya bilərlər və etiraf etməliyik ki, diaspor təşkilatlarımız bu istiqamətdə çox iş görürlər. Təəssüf ki, bizim sağlam və milli mənafelərimiz naminə öz səylərini əsirgəməyən diasporumuzla yanaşı, özlərini “azərbaycanlı mühacirlərin təmsilçisi” elan edən xəyanətkar ünsürlər də var…

“Söyüş layihəsi”nin hədəfləri, icraçıları ilə yanaşı, onun müəllifləri və gizli koordinatorları barədə də fikir birmənalıdır. Hər kəs erməni lobbi təşkilatlarının bu layihəyə həvəslə qoşulduğunu, onların təsir dairəsində olan siyasi mərkəzlərin necə hərəkətə gəldiyini və təəssüf ki, sapı özümüzdən olan “keçmiş hərbçi”, “keçmiş biznesmen”, “keçmiş səfir”, “keçmiş prokuratura işçisi”lərinin da fəal şəkildə bu prosesdə rol aldığını görür.

Bu kampaniya niyyət və hədəfləri kimi, icra metodları baxımından da qeyri-millidir: Azərbaycan mentaliteti söyüşü qəbul etmir, kişiyana mübarizədə uduzan, intiqam almaq üçün rəqibin ailəsi barədə qeybət edənləri urvatsız sayır milli mentalitet. Hazırda icra olunan layihə də metod baxımından söyüş və ailə qeybəti üzərində qurulub. Bu kampaniya hədəf və metod baxımından qeyri-millidirsə, milli düşüncə sahibi olan şəxslərin ona qarşı vahid cəbhədən çıxış etməsi də təbiidir.

Gözlənildiyi kimi, son iki gün ərzində bu vəhdəti pozmağa, vahid cəbhəni bölməyə çalışan sifarişçilər, əslində isə “söyüş layihəsinin” əsl müəllifləri üzə çıxmağa başlayıb. Belələri ehtiyatla davranırlar, tam çılpaqlığı ilə görünməyə cəsarət etmirlər, hərdən boy göstərir, bir daş atıb qaçırlar. Amma təhlükəlidirlər. Çünki zahirən yayğın görünsələr də, ortada durmağa cəsarət etməsələr də, hərəkətlərində bir sistemlilik görünür, məkrli planlarının olduğu üzə çıxır.

Açıq-aşkar hiss olunur ki, niyyətləri diqqəti “söyüş layihəsinin” real müəlliflərindən yayındırmaqdır. Mətbuat Şurasının “qara siyahısına” düşmüş qəzetlərdən birində bir neçə həftə bundan əvvəl dərc edilmiş və gülünc iddialarla dolu məqalə indi bir sıra anonim saytlarda tirajlanmağa başlayıb. Həmin saytların arxasında duranlar, onları işləyib hazırlayanlar və idarə edənlər barədə müfəssəl məlumatımız var və heç şübhə yoxdur ki, aidiyyəti orqanlar da bu barədə kifayət qədər məlumatlıdır. Məqalə müəllifi qondarma faktlar uydura-uydura “söyüş layihəsi Bakıdan idarə olunur” versiyası yaratmağa çalışır. Nə qədər paradoksal olsa da, hətta prezidentin köməkçisinin adı da bu sırada çəkilir. Halbuki “söyüş layihəsinin” hədəfləri sırasında ilk görünən şəxslərdən birinin məhz Əli Həsənovun olduğunu və məhz onun dirənişi və səyləri nəticəsində bu qrupa qarşı güclü ictimai qınağın formalaşdırıldığını hər kəs bilir. Təbii ki, məqalədə irəli sürülən fikirlər o qədər absurddur ki, üzərində dayanmağa dəyməz. Amma bundan iki gün öncə başqa bir məqalə də yayılıb. “Anti-dövlət təbliğatının aparılmasına kim rəvac verir” başlıqlı material da eyni ruhdadır və ilk baxışdan subyektiv mülahizə təəssüratı bağışlayan bu məqalə, əslində Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı təxribatdır.

Reket jurnalistikaya məxsus taktikadır. KİV qanununun “məlumat təkzib olunmayıbsa, başqaları onu yaymaqda məsuliyyət daşımırlar” maddəsinin tərs yozumundan gen-bol istifadə edirlər. Məqaləni yazıb özlərinin kimsə tərəfindən tanınmayan saytlarının arxivinə atıblar. Kim düşünər ki, hər kəsin səfərbər olunduğu bir milli davada belə mövqe tutanlar da olacaq? Döyüş vaxtı “zibil qutularını” təmizləməkmi yada düşür? Kimin yadına düşür ki, bu cür tanınmayan, oxunmayan, keçici məqsədlər üçün yaradılmış saytlarda yayılan məqalələri tapıb oxusun, onları təkzib də etsin?! Fürsətcillər də bu məqamdan istifadə edirlər.

Bəlkə də belələrini ciddiyə almamaq da olardı. Amma ortada diqqət çəkən nüans var. Mövcud durumda ümumi vəhdəti pozmaq, “söyüş layihəsi Bakıdan idarə olunur” kimi absurd ideyanı ortalığa atıb diqqəti başqa səmtə yönəltmək və hakimiyyət komandasında narazılıq, hətta qarşıdurma yaratmaq kimə lazımdır? Araşdırdıqca, çox məharətlə maskalanmış sxem üzə çıxır. Biz aşağıda mənəviyyatlarına uyğun olaraq ağaclara, unitazlara, zibil qablarına və digər yerlərə şəkil yapışdıran sadə icraçıları – Orduxan Temirxanı, Məhəmməd Mirzəli, Tural Sadıqlı və digər bu kimi ünsürləri görürük. Onları istiqamətləndirən və maliyyələşdirən “keçmiş hərbçi”, “keçmiş biznesmen”, “keçmiş səfir”, “keçmiş prokuratura işçisi”, yəni konkret olaraq İsa Sadikov, Elşad Abdullayev, Arif Məmmədov, Vidadi İsgəndərli kimiləri isə daha “avtoritetli” təbəqə hesab olunsalar da, əslində onlar da kənar iradənin icraçılarıdır.

Bəs kimdir onların ipini əlində tutub dartan? Erməni lobbisi? Bu barədə çox yazılsa da, erməni lobbisinin prosesdən öz məqsədləri üçün yararlanmaq istədiyini düşünürəm. Ən azından ona görə ki, “söyüş layihəsinin” bəzi iştirakçıları erməni lobbisinin idarəçiliyində olan “Pen” təşkilatı ilə yaxından əməkdaşlıq edirlər, çexiyalı ermənipərəst avro-parlamentari Şteyna ilə görüşürlər və s.

Əslində, əldə etdiyimiz və həqiqiliyi artıq şübhə doğurmayan məlumata əsasən deyə bilərik ki, bu prosesin başında duran şəxs 2013-cü il prezident seçkiləri dövründə İlham Əliyevə qarşı yaradılan “milyarderlər ittifaqı”nın ideya müəlliflərindən olan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur. “İstiqlal” ordeni ilə təltif olunmuş bu şəxsin hazırda Azərbaycana qarşı həyata keçirilən “söyüş layihəsinin” sifarişçisi, maliyyə mənbəyi rolunda çıxış etdiyi və bu cılız və xain projenin “generalı” olduğuna dair faktlar var ortada. Abbasovun özünə yaxın şəxslər vasitəsilə “keçmişlərlə” sıx əlaqə yaratdığı və onların əli ilə Prezident İlham Əliyevə, onun ailə üzvlərinə və hakimiyyət komandasının bir sıra nümayəndələrinə qarşı beynəlxalq səviyyədə çirkin kampaniya təşkil etdiyi bildirlir.

A.Abbasov haqqında çox yazılıb və müxtəlif iddialar irəli sürülüb. Onların sırasında baş nazirin keçmiş müavininin xoşuna gəlməyən adamlarla müxtəlif kriminal vasitəsilə haqq-hesab çürütdüyü, bu məqsədlə bəzi kriminal dairələrin imkanlarından geniş yararlandığı deyilir. Onun bəzi insanlara qarşı tətbiq etdiyi üsulları şəxsiyyətə qarşı əsl terror kimi də qələmə vermək olar. Görünür, Abbas müəllim belə mürəkkəb piramidalar qurmaqla artıq özündə sorossayağı bütöv bir dövləti mənəvi terror hədəfinə çevirmək gücü hiss edir.

Ola bilsin ki, siyahı bununla da yekunlaşmasın. Araşdırmalar davam edəcək, reallıqlar üzə çıxacaq. Onlar da boş durmayıblar. Diqqəti özlərindən yayındırmaq üçün çeşidli oyunlar qururlar, təsirlərində olan “KİV-lərdən” də yararlanırlar. Amma həqiqət gec, ya tez ortaya çıxır. Bu amili hakimiyyət komandasında narazılıq toxumu səpmək istəyənlər, “söyüş layihəsinə” qarşı cəbhə açan jurnalistlərimizin, QHT fəalının, ziyalılarımızın vəhdət təşkil edən sinxron fəaliyyətini pozmaq istəyənlər və onların himayəçiləri də bilməlidirlər.

MUSHFİQ.JPG (11 KB)

Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvü

.