Xəbər xətti

Monteneqroda Novruz bayramı qeyd olunub

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi və Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Mərkəzinin birgə təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə Podqoritsa şəhərinin ən böyük “Delta” ticarət mərkəzində baharın gəlişini, sülh və dostluğu təcəssüm etdirən Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə Azərbaycandan Monteneqroya ezam olunmuş kulinariya üzrə mütəxəssislər tərəfindən hazırlanmış milli mətbəximizin ləziz təamları və bayram şirniyyatları təqdim edilib, milli musiqimizdən, xüsusilə də 2018-ci ildə anadan olmasının 100-cü ildönümü qeyd olunan görkəmli bəstəkarımız Qara Qarayevin ölməz əsərlərindən nümunələr səsləndirilib.

Həmçinin ticarət mərkəzinin LED ekranlarında Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olmasına dair çəkilmiş videoçarx nümayiş etdirilib və mərkəzin ziyarətçilərinə Bakının namizədliyinin üstünlükləri barədə geniş məlumat verilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin musiqiçi və rəqqaslar qrupu tərəfindən canlı ifa olunan “Ay qız”, “Unuda bilmirəm”, “Uzundərə”, “Sarı gəlin” və digər mahnılar ziyarətçilərin böyük marağına səbəb olub.

Novruz bayramının tarixi, adət-ənənələri və fəlsəfəsi barədə Monteneqro dilində hazırlanmış məlumat kitabçaları mərkəzin ziyarətçilərinə paylanılıb.
Bayram tədbiri, eyni zamanda, xeyriyyəçilik məqsədi daşıyıb. Belə ki, tədbirin təşkilatçıları “Monteneqronun uşaq hüquqlarının müdafiəsi Mərkəzi”nə bayram sovqatları verib, eyni zamanda, toplanmış vəsait “Monteneqronun autizmdən əziyyət çəkən uşaqlar Mərkəz”inə zəruri avadanlığın alınmasına ayrılıb.

Sonra Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi və Yunus Emre Podqoritsa İnstitutunun təşkilatçılığı ilə “Budo Tomoviç” adına Mədəniyyət Mərkəzinin böyük zalında Novruz bayramına həsr olunmuş “Türk ölkələrinin milli musiqisi və rəqsləri” adlı konsert keçirilib.

Konsertdə Azərbaycanın milli musiqisi və rəqs nümunələri böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının Monteneqrodakı səfiri Eldar Həsənov tədbirlərdə iştirak edib.

Novruz bayramı münasibətilə təşkil olunan hər iki tədbir Monteneqro KİV-lərində geniş işıqlandırılıb.