ManşetMediaSiyasətXəbər xətti

“Zerkalo” fəaliyyətini bərpa etdi

2014-cü ildə fəaliyyətinin birdəfəlik dayandırıldığı elan edilən çoxtirajlı “Zerkalo” qəzeti internet üzərindən yayıma başlayıb.Bu barədə “Ölkə.Az”a açıqlamasında “Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı məlumat verib.

E.Şıxlı deyib ki, “zerkalo.az” xəbər saytı rus dilində sırf informasiya fəaliyyəti göstərəcək:

“Bilirsiniz ki, “Ayna” qəzetinin saytı da fəaliyyət göstərir. Burada daha çox ədəbi yazılar və təhlillər dərc olunur. Ancaq “Zerkalo.az” xəbər portalına yaxındır. Artıq bu gecədən etibarən “Zerkalo.az” xəbər portalı fəaliyyətə başlayıb. Kollektivdə tanınmış imzalar olacaq. Onların arasında Arif Vəliyevi, Rauf Mirqədirovu və digərlərinin adını çəkmək olar”.

E.Şıxlı qeyd edib ki, “Zerkalo.az” saytının əsas istiqaməti rus dilində analtik yazıların, təhlillərin və xəbərlərin yayımı olacaq:

“Çalışacağıq ki, bu istiqamətlərdə maraqlı yazılar hazırlayaq. Redaksiyamız da köhnə ofisdə – Şərifzadə küçəsində yerləşir”.

Xatırladaq ki, “Zerkalo” qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Rus dilində çıxan “Zerkalo” gündəlik çap olunurdu.

2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmadığı üçün 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanıb.

Qeyd edək ki, 2014-cü il avqustun 27-də isə “Ayna” və “Zerkalo” qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı “Ayna” və “Zerkalo” qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.