Gürcüstan hökumətinin “erməni sevgisi” Bakıda sərt reaksiya doğurdu

Son bir həftədə Gürcüstan hakimiyyətinin ermənipərəst mövqedən çıxış etdiyi açıq şəkildə özünü büruzə verib. Bu da haqlı olaraq, Gürcüstanın enerji təhlükəsizliyində, bütövlükdə təhlükəsizliyində əsas rol oynayan və onu özünə strateji tərəfdaş sayan Azərbaycanda haqlı narazılıq doğurub.

Məlumat üçün bildirək ki, gürcü hökumətinin ermənipərəst mövqeyi fevralın 26-da Xocalı faciəsi günü özünü çılpaqlığı ilə ortaya qoyub. Belə ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili fevralın 26-da Borçalıda Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad eləməkdən imtina edib. Bu istiqamətdə gedən müzakirələr davam etdiyi günlərdə isə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili rəhbərlik etdiyi böyük bir nümayəndə heyəti ilə İrəvana səfər edib və səfər çərçivəsində İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib, abidə önünə əklil qoyub. Bu azmış kimi, gürcü baş nazir işğalçı Ermənistanın “Gürcüstana yaxın dost ölkə” adlandırıb. Onun səfərində sual doğuran başqa bir məqam isə Gürcüstanın qondarma erməni soyqırımını tanımayan ölkələr sırasında yer almasına baxmayaraq, gürcü baş nazirin abidəni ziyarət etməsidr.

Gürcü iqtidarının bu davranışına ekspertlərin mövqeləri birmənalı şəkildə üst-üstə düşür. Bunun hətta Gürcüstanın Azərbaycan və Türkiyə ilə əlaqələrinə kölgə sala biləcəyi vurğulanır. Eyni zamanda, hər iki ölkənin bununla bağlı rəsmi Tiflisə sərt reaksiya verməsinin  vacibliyi qeyd olunur.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Gürcüstanın Azərbaycanla tərəfdaşlığına daim şübhə etdiyini bildirdi: “Gürcüstan prezidenti Georgi Marqvelaşvili fevralın 26-da ”Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşdü. Həmin görüşdə azərbaycanlı gənclərdən biri Georgi Marqvelaşviliyə Azərbaycanda Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunduğunu və bununla bağlı faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Gürcüstan prezidenti bu istəyi görməzlikdən gəldi və Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmədi. Gürcüstan prezidenti və digər rəsmiləri elə bilməsinlər ki, bunu biz unudacağıq və ayağa qalxmamaq sıradan bir hadisədir. Gürcüstan prezidenti Xocalı soyqırımının qurbanlarını anmaq istəməyibsə, görəsən, Xocalı soyqırımı günü onun azərbaycanlıların yaşadığı rayonda nə işi var idi? Xocalı soyqırımını bir dəqiqəlik sükutla yad etmək istəməyən prezident Marneuliyə səfər tarixini yanlış seçmişdi. 1989-cu ilin aprelin 9-da da sovet qoşunları Tiflisdə mitinqi dağıtmış və insanları qətlə yetirmişdilər.

Bizim rəsmilərdən hansısa gürcü gənci həmin tarixi anmağa xahiş etsəydi, inandırardım ki, həmin rəsmimiz düşünmədən ayağa qalxardı. Ona görə də mənim həmişə Gürcüstanın tərəfdaşlığına şübhəm olub. Onlar sadəcə, bizdən asılıdırlar deyə, tərəfdaşlıqdan danışırlar. Təkcə Mixail Saakaşvilinin prezidentliyi dövründə Tiflis bizimlə səmimi idi. Gürcüstanın baş naziri Ermənistana səfər edərək “erməni soyqırımı” abidəsi qarşısında baş əydi. Görəsən Gürcüstan kimin əmisi oğludur? Qazı, nefti və investisiyaları verən biz, gürcü rəsmiləri üçün isə ermənilərin tarixi daha hörmətlidir. Gürcü rəsmilərin bu mesajını Bakıda yaxşı oxumalıdırlar. Bir dəfə gürcü rəsmilərin dilindən eşitmədim ki, desinlər ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır”.

.