FotoManşetXəbər xətti

Xocalı soyqırımının 26-cı ildönümü AzMİU-da qeyd edilib – FOTO

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) YAP Yasamal rayon Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Aktor.Az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Dövlət himni səsləndirilib, Xocalı faciəsi qurbanlarının və Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimini giriş sözü ilə YAP Yasamal rayon Qadınlar Şurasının sədri, universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli aaçaraq, Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib. erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb.

Sonra söz universitetin rektoru, professor Gülçöhrə Məmmədovaya verilib. Rektor Xocalı faciəsini dünyada törədilən ən böyük faciə olaraq qiymətləndirib. Xocalı soyqırımı və xalqımızın başına gətirilən dəhşətli hadisələrdən danışıb. Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi mühüm layihələri qeyd edib. Rektor bildirib ki, məhz bu uğurlu fəaliyyət nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır.

Rektor torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş universitetin şəhid məzunu, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun keçdiyi qəhrəmanlıq dolu həyat yoluna da nəzər salıb. Onun dövlət və xalqına sadiq, vətənpərvər gənc olduğunu vurğulayıb. Şəhidin ömür yolunun gənc nəsillər üçün ən böyük örnək olduğunu deyib. Sonda G.Məmmədova Ramiz Qəmbərovun timsalında bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyib.

Şəhidin qardaşı Hafiz Qəmbərov, Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova, şəhidin döyüş yoldaşları da çıxış edərək, şəhidlə bağlı xatirələrini bölüşüblər. Ramiz Qəmbərovun timsalında xalqı, vətəni uğrunda şəhid olan vətənimizin oğul və qızlarını rəhmətlə anıblar.

Tədbir iştirakçıları sonda Milli Qəhrəmanın ömür yolunu özündə əks etdirən, Kəmalə Musazadənin ssenari müəllifi və rejissoru olduğu “Şuşalı şəhid” adlı sənədli filminə baxıblar.