GündəmManşetSiyasətXəbər xətti

Ərdoğan rus “dərin dövləti”nin qərarından qorxmadı – Şərh

Bəşər Əsəd Moskvanın marionetkasıdır, biz bunun bariz nümunəsini Rusiya Prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik.Aktor.Az xəbər verir ki, bu açıqlama ilə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu çıxış edib.

O qeyd edib ki, birincisi, V.Putinin təyyarəsi Suriyanın paytaxtı Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Suriya Prezidenti Bəşər Əsəd həmin bazaya gəlib ona qarşılamağa məcbur oldu. İkincisi, V.Putin mikrofona yaxınlaşıb hərbçilərini salamlayarkən rusiyalı adi zabit Suriya Prezidentinin qolundan tutaraq ona Putindən aralı dayanmağı əmr etdi.

E.Şahinoğlu bunları xatırlamasının səbəbsiz olmadığını vurğulayıb:

“Fikrimcə, Afrində kürdlərin Bəşər Əsədə sadiq qüvvələrlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı “dərin dövlət”ə aiddir. Kreml bununla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünənki açıqlamasında Afrin məsələsində Ankara ilə Dəməşqin (?!) razılığa gəlməli olduqlarını dedi. Ərdoğan qorxmadı, onun “Bəşər Əsədin qüvvələri Afrində olsa belə şəhərə daxil olacağıq” deməsi Kremlin Əsədə “stop” əmri verməsi ilə nəticələndi. Afrinə daxil olmaq istəyən Əsədə bağlı qüvvələr Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər. Türkiyə bu bölgəyə uzun müddətə gəlib”.